“Çox ağır və narahat il oldu. Xəstəlik, pandemiya insanlara aman vermədi. Nə qədər şəhidlərimiz oldu”.
Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış aktyor Rasim Balayev sonuna sayılı günlər qalan 2020-ci illə bağlı təəssüratlarını bölüşərkən deyib.
Aktyoru sevindirən yalnız bir xəbər olub, o da Qarabağın işğaldan azad olunması:
“2020-ci il Qarabağın işğaldan azad olunması xəbəri ilə yadda qaldı. Uzun illərdən sonra torpaqlarımıza qovuşduq, Qarabağ işğaldan azad edildi. Bu şad xəbəri eşitmək nəhayət ki, bizə nəsib oldu. Bu günü görə bildik. Amma çox sayda şəhidlər verdik. Cavan oğullarımız Vətən uğrunda canlarından keçdi. O şəhidlər qanı ilə tarix yazdı, hamısının ruhu qarşısında baş əyirəm”.
Xalq artisti yaradıcılığında sükutun hökm sürdüyünü də bildirib:
“Yaradıcılıqda heç bir yenilik olmadı. Nə film oldu, nə başqa işlər. Elə ilboyu oturduq evdə. Buna da şükür”.
Aktyor bayramı qeyd etməyəcəyini deyib:
“Nə bayram, o qədər şəhidlərimiz var”.
Cəvahir
www.yenicag.az