Ramiz Novruz evindən, Azər Paşa Azdramdan?..

Ramiz Novruz evindən, Azər Paşa Azdramdan?..

Azdramın direktoru Azərpaşa Nemətov vəfat edib. Allah rəhmət eləsin! Mən onu istedadlı rejissor və teatr xadimi kimi tanıyıram. Quruluş verdiyi tamaşalara baxmışam və həmişə yüksək qiymətləndirmişəm. Sənət ocaqlarının kulislərində dedi-qodular, narazılıqlar bitib-tükənən deyil. Həmişə olub və bundan sonra da olacaq. Azdrama böyük sənətkarlar rəhbərlik edib və bir qayda olaraq adları ətrafında söz-söhbətlər yayılıb. Bəlkə də normaldır. Çünki hamını razı salmaq olmur. Bəlkə narazılar da haqlıdırlar. Təfərrüatı bilmirəm və bu yöndə müzakirə açmaq da istəmirəm.

Amma Azərpaşa Nemətovun ölüm xəbərinin ardınca sabah mərhumla vida mərasiminin Azdramda keçiriləcəyi barədə xəbərlərin yayılması suallar doğurur. Pandemiyadan sonrakı son iki il ərzində tanınmış aktyorlar, xalq artistləri dünyasını dəyişib. Amma onlarla vida mərasiminin Azdramda keçirilməsinə izn verilməyib. Hətta 40-ı yenicə çıxan xalq artisti Ramiz Novruzla vida mərasiminin keçirilməməsi cəmiyyət tərəfindən ciddi qınaq obyektinə çevriləndə sözügedən teatrın mətbuat xidməti mediaya belə açıqlama vermişdi:

“Artıq uzun illərdir dünyasını dəyişən görkəmli sənətkarlarla vida mərasimi onların öz evində keçirilir. Bu, qəbul olunmuş qaydadır. İctimaiyyətin, teatrsevərlərin narahatlığını anlayırıq və onların bu istəyinə böyük hörmətlə yanaşırıq”.

Biz də anlamağa çalışırıq, həqiqətən Azərbaycan kimi ölkələrdə, hətta əksər ölkələrdə teatrların dəbdən düşdüyü bir dövrdə aktyorluq – bir teatrda çalışmaq, fəaliyyət göstərmək sənət naminə böyük fədakarlıq və zillətdir. Bu fədakarlığın ən böyük qiyməti bəlkə də son dəfə, məhz son dəfə səhnəyə çıxmaq, səhnədə olmaq, alqışlanmaq, anşlaqla alqışlanmaq… və son mənzilə yola salınmaq ola bilər. Ki, qeyd etdiyim kimi, uzun müddətdir buna icazə verilmirdi. Azdram rəhbərliyininmi qərarı idi, Mədəniyyət Nazirliyimi buna lüzum görmürdü, bilmirəm, amma yanlış qərar idi. İndi əgər həqiqətən sabah vida mərasimi Azdram səhnəsində gerçəkləşəcəksə, o qərarın kökündən yanlış olduğunu özləri bir daha təsdiqləmiş olacaqlar. Ümumilikdə isə o qərara yenidən baxılmalıdır. Azdramın qapıları bütün sənət adamlarının üzünə açıq olmalıdır, məscid kimi, Allahın evi kimi, Sənətin Evi kimi. Çünki aktyorun səhnədən və alqışdan başqa heç nəyi yoxdur. Onları bundan məhrum etmək olmaz. Xüsusən mərhumlara olmaz. Qoyun, son dəfə səhnəyə çıxsınlar, imkan verin, son rollarını ifa etsinlər, son dəfə teatrla vidalaşslnlar, son dəfə alqlşlansınlar. Sözün bütün mənalarlnda alqışlansınlar! Azərpaşa Nemətov da, başqaları da – məbədlə vidalaşsınlar, teatrla halallaşsınlar.

Yəni sabahkı mərasim son olmasın. Şəxslərə görə dəyişməsin. Hamı üçün, hər kəs üçün o haqq tanınsın, haqqı çatan hər bir sənət adamının üzünə açıq qalsın o qapı, o səhnə…

Teqlər: