Xəbər - Ceyhun Ələkbərov – Trend:
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Ramiz Hacıyev” kran gəmisinin əsaslı təmiri başa çatıb.
Bu barədə AzerTimes-a ASCO-dan məlumat veriblər. “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan işlər çərçivəsində 40 ton yükqaldırma qabiliyyətinə malik kran, baş mühərriklər, nasoslar, boru sistemləri təmir edilib, köməkçi mühərriklər sazlanıb. Dənizçilərin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalarda təmir işləri görülüb.
Gəmi tərsanəyə qaldırılıb, sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib. Bundan başqa, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir olunub.
Təmirdən sonra “Ramiz” Hacıyev” kran gəmisi dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla başa çatıb və gəmi istismara qaytarılıb.