Bu günlərdə ölkə mətbuatında müxtəlif şirkətlərdə rəhbər vəzifələrdə çalışmış Ramin İsayevin həbsi ilə bağlı xəbərlər yayıldı.
AzerTimes xəbər verir ki, mətbuatda yer alan xəbərlərə görə, onun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə – xüsusilə külli miqdarda) maddəsi ilə cinayət işi başlanılıb. Ramin İsayev 16 milyon manat mənimsəmədə ittiham edilir.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məlum olduğu kimi, Azərbaycan Beynəlxalq Bankı ASC-nin problemli aktivləri ilə bağlı istintaq araşdırmaları uzun illərdir davam edir. Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev həbs olunduqdan sonra bank rəhbərliyi ilə cinayətkar əlaqədə olan xeyli iş adamı da cinayət məsuliyyətinə cəlb olunub.
Məlumata əsasən, Ramin İsayevin həbs olunması da vaxtilə faktiki rəhbəri olduğu “Baghlan Group”la bağlı olan şirkət tərəfindən 2012-2014-cu illər ərzində Azərbaycan Beynəlxalq Bankı ASC-dən götürülən kreditin mənimsənilməsi ilə əlaqədardır.
Götürülən və geri qaytarılmayan 16 milyon manat məbləğində kreditin Ramin İsayev tərəfindən “mənimsəmə məqsədi ilə götürməsinə” dair istintaqda əsaslı faktlar mövcuddur.
O da məlum olub ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin fəaliyyəti ilə bağlı istintaq başlayarkən hüquq-mühafizə orqanları Ramin İsayevin fəaliyyətinə dair də araşdırmalar aparıb. Bu araşdırmalardan yayınmaq, məsuliyyətdən yaxa qurtarmaq üçün Ramin İsayev ölkəni tərk edi və 2022-ci ilin ortalarında Türkiyə vətəndaşlığı alaraq, İsayev soyadını Hakan soyadına dəyişərək, rəsmi sənədlərdə Ramin Ali Hakan kimi qeyd olunub.
Onu da qeyd edək ki, Ramin İsayev qalmaqallı keçmişi ilə də məşhurdur. Belə ki, o, vaxtilə KCA Deutag şirkətində region üzrə biznesin inkişafı meneceri kimi vəzifə borclarının öhdəsindən gələ bilmədiyi səbəbindən tutduğu vəzifədən azad edilib. Bundan sonra o, şirkət rəhbərliyinə hədə-qorxu gəlməklə təhdid etməyə başlayıb. O, Böyük Britaniya və ABŞ səfirlərinə müxtəlif məktublar göndərərək, KCA Deutag şirkətinin Azərbaycandakı rəhbərliyini şərləməyə çalışıb.