Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz miqrasiyayada ittiham
olunan Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının
cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
AzerTimes-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları
dəqiqləşdirilib.
İstintaqla müəyyən edilib ki, “No Border Travel Agency” MMC-nin
rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai
birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli
şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel”
MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev,
Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ,
Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan
Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri
ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən
arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka
mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına
çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər
hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət
etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.
Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə
dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları
çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil
dəstə tərkibində dələduzluq) və digər maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq
olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan
tədbirləri seçilib.
Prosesdə vəsatət qaldıran təqsirləndirilən şəxs Ramin Hacılı
bildirib ki, o, hazırda başqa maddə ilə təqsirləndirilir və
Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir: “Mən hazırda həbsdəyəm və barəmdə olan hökmdən verilmiş apellyasiya
şikayəti də təmin edilməyib. Ona görə də cəza çəkdiyimi nəzərə
alaraq xahiş edirəm ki, məhkəmə istintaqı barəmdə həbs qətimkan
tədbiri seçilməsin. Mənimlə birlikdə tutulan şəxslər hazırda
azadlıqdadır”.
Məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra hazırlıq iclası
başa çatıb və iş üzrə məhkəmə baxışı iyunun 8-nə təyin olunub.
Məhkəmə, həmçinin, R.Hacılının hazırda cəza çəkdiyi üçün onun
barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməsi barədə
qərar çıxarıb.