İlahiyyatçı Elşad Mirinin AzerTimes-a müsəlman ölkələrində Ramazan ayının başlanma fərqi ilə bağlı müsahibəsi:
– Elşad bəy, Ramazan ayı hansı tarixdə başladı?
– 11 mart tarixində. Bu gün artıq ikinci gündür ki, oruc tuturam.
– İran bu tarixi 12 mart olaraq elan elədi…
– Bu, yeni məsələ deyil. İran hər il islam dünyasına müxalif olduğunu nümayiş etdirir. Yəni ki, fərqli bir islam anlayışı olduğunu faktiki olaraq göstərir.
– Siz nəyə əsaslandınız? Qafqaz Müsəlmanları İdarəsinə? Yoxsa, Ayın görülməsinə?
– Bu gün artıq elm bu sahədə çox inkişaf edib. Ayın çıxmasını güdməyə ehtiyac yoxdur, təqvim var və bu, dəqiq elmi müşahidələrlə hazırlanır. Ayın səthinə enmişik, Ayı tədqiq edirik, bu dövrdə “Ay çıxdı-çıxmadı” müzakirəsi ayıbdır. Digər tərəfdən, hansı gün girməsi orucun mahiyyətindən uzaqlaşmaqdır, təfərrüata qərq olmaqdır.
– Ramazanın ilk gününü 12 martda qəbul edən ölkələr hansılardır?
– İranın təsir dairəsində olan ölkələr.
– Bütün bunları şəriət necə qəbul edir? Fərqli tarixlərdə qarşılamaq doğrudurmu?
– İslam insanları birləşdirən dindir. Ancaq İranın bu addımı göstərir ki, onların islam anlayışı Allahın dininə uyğun deyil. Özlərinin uydurub, adına da islam dedikləri “dəyərlər sitemi”nə tabe olurlar. Din bizim birliyimizi istəyir, lakin bu cür etmək birliyimizə xələl gətirir.
– Ramazan 11 martda başlayıb. Belə çıxır ki, 12 martda oruc tutmağa başlayanlar oruclarını bir gün yemiş olublar. Bu, günah sayılırmı?
– Əsas olan niyyətdir.