Ukraynanın Poltava vilayətinin Kremençuq şəhərinin ticarət mərkəzinə endirilən raket nəticəsində həlak olanlar və xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması araşdırılıb.
AzerTimes xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının Poltava vilayəti üzrə rəhbəri Füzuli Qənbərov Azərtac-a açıqlamasında bildirib ki, əldə edilən ilkin məlumata görə, Kremençuq şəhərinin ticarət mərkəzinə endirilən raket nəticəsində həlak olanlar və xəsarət alanlar arasında soydaşlarımız yoxdur.
“Xilasetmə tədbirləri davam edir, Kremençuq şəhərinin müvafiq qurumları ilə əlaqə saxlayırıq. Eyni zamanda, təşkilatımızın diaspor fəalları hadisə yerindədirlər. Kremençuqda yaşayan azərbaycanlılarla da əlaqə saxlanılıb, hadisə zamanı ticarət mərkəzində olmadıqları müəyyən edilib”, – Füzuli Qənbərov əlavə edib.
Qeyd edək ki, Kremençuq şəhərinin ticarət mərkəzinə endirilən raket nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb, 50 nəfər isə xəsarət alıb. Hazırda xilasetmə işləri davam etdirilir, raket hücumu zamanı ticarət mərkəzində çoxsaylı insan olub. Ona görə də itkilərin sayının artacağı ehtimal edilir.