Rafiq Babayevin yaradıcılığına həsr olunmuş seminar-diskussiya keçirilib (FOTO)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə keçirilən Bakı Beynəlxalq Caz Günü böyük uğurla və tam
anşlaqlarla davam edir.

Coffee & Jazz kafesində görkəmli Azərbaycan cazmeni Rafiq
Babayevin yaradıcılığına həsr olunmuş “RAFİQ BABAYEV: MÖVZU VƏ
VARİASİYALAR” seminar-diskussiya keçirilib. Gecənin aparıcıları
qismində əməkdar mədəniyyət işçisi, radio və televiziya
verilişlərinin aparıcısı Rahib Azəri və musiqişünas, Bakı Marionet
Teatrının aktrisası Fərizə Babayeva çıxış etdilər. Tədbir zamanı
qonaqlara və iştirakçılara xoş sürpriz təqdim olundu – Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi musiqişünas
Esmeralda Cəbrayılbəyovanın 1988-ci ildə R. Babayevdən aldığı
müsahibəsindən audio kaset səsləndirildi. Rahib Azəri əvvəlcə
festival haqqında danışaraq sözü musiqişünas, Rafiq Babayevin qızı
Fərizə Babayevaya verdi. Kiçik introdan sonra tədbirə E.
Cəbrayılbəyovanın özü də onlayn rejimdə qoşularaq tamaşaçıları
salamladı.
Sonra, tədbirin maraqlı gedişatı başladı. F. Babayeva müsahibəni 4
tematik bloka bölərək, cari tədbirin məqsədi və formasını açıqladı.
Hər bir blokda R. Babayevin caz, xalq ənənələri, müasir musiqi və
Azərbaycan cazının gələcəyi haqqında fikirləri dinlənildi. Hər bir
blokun sonunda sual-xülasə verildi və hər bir blok dinlənildikdən
sonra gecənin iştirakçıları və qonaqları verilən sualları
cavablandırdılar. Diskussiyada Azərbaycan Respublikasının xalq
artistləri – kinorejissor Oqtay Mirqasımov, cazmenlər və
bəstəkarlar Cəmil Əmirov və Salman Qəmbərov, musiqişünas Cahangir
Səlimxanov, M. Lomonosov adına MDU-nin Bakı filialının tələbəsi
Orxan Babazadə, musiqişünas Turan Məmmədəliyeva və digər
iştirakçılar çıxış etdilər.

Diskussiyanın sonunda paytaxtımızın aparıcı caz nümayəndələrinin
– Cəmil Əmirovun, Salman Qəmbərovun, əməkdar artistlər Tofiq
Cabarovun, Vaqif Əliyevin, gənc ifaçıların – Mircavid Cəfərovun,
Vasif Hüseynin, Firudin Həmidovun, Elcan Cəbrayılovun, Nicat
Aslanovun, Həsən Bilalovun, Samirə Rəcəblinin və başqalarının
iştirakı ilə musiqi proqramı təqdim olundu.

Tədbirin sonunda R. Azəri Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin Təşkilat Komitəsinə, eləcə də Rafiq Babayevin ailə
üzvlərinə – Fərizə və Gülarə Babayevaya, Mikayıl Hüseynova gecənin
təşkilində dəyərli əməyinə görə təşəkkür etdi.
İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Azernews.az

Teqlər: