Ədliyyə Nazirliyinin Penitensiar xidməti sabiq deputat Rafael Cəbrayılovun ölümü ilə bağlı məlumat yayıb.
Xidmətdən AzerTimes-a verilən məlumata görə, vəzifə cinayətinə və dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmuş Milli Məclisin sabiq üzvü Cəbrayılov Rəfael Kamil oğlu sentyabr 30-da müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində haqqında işinə baxılan R.Cəbrayılovun hüquqlarını müdafiə edən vəkili koronavirus infeksiyasına yoluxduğu üçün məhkəmə təxirə salınıb:
“Bundan sonra R.Cəbrayılovdan “COVİD-19” infeksiyasına qarşı test nümunələri götürülüb və nəticəsi pozitiv çıxıb.
Cəzaçəkmə müəssisələrində könüllü olaraq aparılan kütləvi vaksinasiyadan qəti imtina etmiş 1958-ci il təvəllüdlü, xroniki şəkərli diabetin kəskinləşməsindən və arterial hipertoniyadan əziyyət çəkən R.Cəbrayılov müvafiq müalicə tədbirlərinə cəlb olunub, lakin xroniki xəstəlikləri ilə əlaqədar təhlükəli risk qrupuna daxil olması nəzərə alınaraq sentyabrın 28-də o, müalicəsini davam etdirmək üçün “Yeni Klinika” xəstəxanasına yerləşdirilib.
Aparılan müalicə tədbirlərinə baxmayaraq R.Cəbrayılov vəfat edib”.