Qusar rayonunda əkin və bağ sahələrinin suvarma suyu ilə
təminatı yaxşılaşdırılır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AzerTimes-a bildirib ki,
ölkəmizin bütün bölgələrində olduğu kimi, Qusar rayonunda da əkin
və bağ sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması
istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hazırda rayon
Suvarma Sistemləri İdarəsi tərəfindən yeni mövsümə hazırlıq işləri
görülür. Bu məqsədlə torpaq məcralı kanallar lil və kol-kosdan
təmizlənir, beton kanalların ətrafında təmizlik işləri aparılır.
Həmçinin torpaq məcralı kanallar beton üzlüklə əvəz edilir. Bu da
öz növbəsində su istehlakçılarını vaxtında və itkisiz suvarma suyu
ilə təmin etməyə imkan verir.
Vaxtında görülən meliorativ tədbirlərin nəticəsidir ki, ötən
suvarma mövsümündə təsərrüfat sahibləri sahalərini suvarmaqda heç
bir çətinlik yaşamayıblar. Fermerlərin su ilə təminatında
subartezyan quyularının da xüsusi rolu var.