4-cü İslam Oyunlarının tərkib hissəsi olaraq keçirilən, Xəzərdən başlayan su səyahətinin Qusar səfəri axşam saat 20:00-da şəhərin General M. Əbilov adına mərkəzi meydanda su festivalı ilə davam edib.
Xüsusi bəzədilmiş meydanda əvvəlcə qusarlılara prezident İlham Əliyevin aprelin 5-də Xəzərdən su səyahəti başlayarkən etdiyi çıxış təqdim olunub.
Bu gün səhər Qusarın Ləzə kəndində 30 metr hündürlüyü olan şəlalədən yerli idmançılar – cüdo üzrə əməkdar məşqçi Carulla Şinğarovun və buzadırmanma üzrə Azərbaycan çempionu Renat Rəhimxanovun götürdüyü su səhəngi festivalda Qusar sakinlərinə təqdim olunub.
Möhtəşəm su həftəsinin rəmzi su səhəngi Qusar sakinlərinə hədiyyə edilib. Su günü çərçivəsində bu gün Qusar olimpiya idman komleksində keçirilən məktəblilərin idman yarışının videogörüntüləri də tamaşaçılara təqdim edilib.
Sonra Qusar musiqiçiləri su festivalına öz musiqi nömrələrini töhfə ediblər. Qusarın su festivalı möhtəşəm atəşfəşanlıqla başa çatıb. Onu da bildirək ki, su festivalı mayın 1-də Qubada keçiriləcək.