Azərbaycanda ət yenidən bahalaşdı. Bahalaşmanın bu dəfə ki, ünvanı Qusar rayonudur.
Bu gün səhər saatlarından Qusar şəhərindəki bazarda mal əti 1 manat bahalaşıb. Bu barədə alıcılar məlumat veriblər. Alıcıların sözlərinə görə, dünən 1 kq-ı 10 manata satılan mal ətinin qiyməti bu gün səhər 11 manata yüksəlib.
Faktı ət bazarının satıcıları da təsdiqləyiblər. Onların sözlərinə görə, bahalaşmaya əsasən qonşu Quba və Xaçmaz rayonlarından olan heyvan satışı, kəsimi ilə məşğul olan iş adamları səbəb olurlar. Belə ki, onlar səhər tezdən gəlib heyvanı diri halda alır və qiyməti də öz bazarlarında 11 manata çatdırırlar. Nəticədə ət qıtlığı yaranır və Qusar bazarındakı satıcılar da qiyməti qaldırmağa məcbur olurlar.
Qusar İcra Hakimiyyətindən məsələyə münasibət bildirərkən qeyd edilib ki, qurum sahibkarkarın qiymət məsələsinə müdaxilə etmir. Amma iki gündən sonra rayon mərkəzində yeni inşa edilmış təzə bazarda kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil olunmağa başlayacaq. Həmin yarmarkada qiymətlər köhnə bazarla müqayisədə ucuz olacaq.
İqtisadiyyat Nazirliyinin mətbuat rəsmisi Abbas Əliyevin sözlərinə görə, Antiinhisar Siyasəti və İstehlakçılarının Hüquqlarının Müdafiəsi Dövlət xidməti süni qiymət artırımı ilə bağlı məsələni araşdırır və məsələ qurum rəhbərliyinin diqqətinə çatdıracaq.