Kovid bəlası gələndən bağlanan quru yollarının bəxti hələ də açılmayıb. Dünyada quru sərhədlərini bağlı saxlayan tək ölkə ünvanı ilə fəxr etməyə davam edirik. Hətta Şimali Koreya quru yolunu açır, ancaq AR Nazirlər Kabineti hesab edir ki, quru yollarının bağlı qalması məsləhətdir.
İqtisadçıların hesablamalarına görə, Azərbaycanda ÜDM artımının cəmi 0,8 faiz kimi çox zəif nəticə göstərməsinin səbəblərindən biri də quru yolunun bağlı olmasıdır. Ancaq iqtisadçılar ciddi yanlışlığa yol verirlər, hesablaya bilmirlər ki, quru yolun bağlı olması ilə ölkəmizə gələn turistlərin sayının hətta Ermənistana gələnlərdən də aşağı düşməsinin çox böyük psixoloji üstünlükləri var: əcnəbi turist gəlmir, başımız da ağrımır. Niyə ərəblər gəlib gül kimi şəhərlərimizdə qarala-qarala gəzməli və rəngimizi qaraltmalıdır?
Yolun bağlı olmasının ən böyük xeyirlərindən birini isə sərhəd bölgələrimizdə yaşayanlar görür. Yəqin tarixdən bilirsiniz ki, dünyada öz əraziləri ilə həmsərhəd olan ən yazıq ölkə Azərbaycandır. Məsələn, Qazaxın sərhəd kəndlərində yaşayanların böyük əksərinin əmisi oğlu, cijisi nəvəsi, maması qızı… sərhədin Gürcüstan tərəfindədir. Əslində “sərhədin o tərəfi” bir az böyük çıxır, o ərazidə yaşayanlar üçün qapıbir qonşu sayılırlar. Qohum-qardaş, dost-tanış xeyirə çağıranda, yaxud bir yas düşəndə qazaxlı, tovuzlu, qaxlı, zaqatalalı 500 km gəlir Bakıya, Bakıdan bilet alıb uçur Tiflisə, Tiflisdən təzədən 150 km gəlir sərhədə, kəndinin yanındakı köydə ölənin ruhuna bir “fatihə” oxuyub, qayıdır Tiflisə, ordan bilet alıb uçur Bakıya, sonra da 500 km qət edib gedir evinə.
İndi deyəcəksiniz bunun xeyri nədir?
İstirahət, gəzmək, görmək! Bəlkə də o yas, o toy olmasa, qazaxlı-tovuzlu illərlə Bakıya ayaq basmaz, şəhərimizin necə sürətlə inkişaf etdiyini görməz; bəlkə də o kəndçi heç ildə bir dəfə məzuniyyət götürüb, avto-səyahətə də çıxmaz və yaxud heç vədə təyyarəyə minməyib. Yolun bağlı olması isə həm ona Azərbaycanın bu başından o başına avto-səyahət etmək, həm təyyarəyə minmək, Tiflisi görmək, həm də Gürcüstanın boyunu ölçmək kimi fürsət verir.
Eyni hal qubalı-qusarlının Dərbəndə getməsinə də aiddir.
Ən unikalı, ən gözəli, ən misilsizi Astarayla Culfadır. Təsəvvür edin, vaxtilə bütöv olan və ortasından bir çay keçən şəhərlərimizin bu başından o başına getmək üçün (şəhər bölünübsə, demək, o tərəfində bu tərəfdə qalanın doğmasının olması mütləqdir), yəni cəmi bir çayı adlayıb qardaşına baş çəkmək üçün nə boyda bir səyahətə çıxmalı olur insanımız.
Nazirlər Kabineti artıq 3 ildir ölkəmizdə “səyahət ili” elan edib, ümid edək ki, 2024-cü ildə də xalqımızdan bu xoşbəxtliyi almayacaq, ölkə boyu fır-fır fırlanmağımızın qayğısına qalacaq.