Quru sərhədləri nə zaman açılacaq? – AÇIQLAMA

Son dövrlər Azərbaycanda koronavirusa yoluxanların sayında ciddi
azalma olduğundan karantin rejimi çərçivəsində yumşalmalar tətbiq
edilib, bəzi məhdudiyyətlər aradan qaldırılıb. Karantin rejiminin
yumşaldılması qonşu ölkələrlə quru sərhədlərin açılmasına səbəb ola
bilərmi?

Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran Milli
Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, əksər
ölkələrdə karantin qaydalarının yumşaldılması müşahidə olunur. Bu
qaydaların yumşaldılması həm də real sektorun inkişafı baxımından
vacibdir.

Millət vəkili bildirib ki, hökumətə quru sərhədlərinin mərhələli
şəkildə açılması məsələsinə baxılması barədə həm Milli Məclisin
iclaslarında, həm də media vasitəsilə millət vəkilləri tərəfindən
təkliflər edilib.

“Çünki nəzərə alınmalıdır ki, quru sərhədlərinin açılması
turizmin inkişafı baxımından da vacibdir. Xüsusilə də ölkəyə gələn
turistlərin sayına quru sərhədlərin açılması birbaşa təsir göstərə
bilər. Ona görə ki, turistlərin əksəriyyəti qonşu ölkələrdən gəlir.
Bu baxımdan epidemioloji vəziyyət nəzərə alınaraq, qərargah
tərəfindən mərhələli şəkildə quru sərhədlərin açılması məsələsinə
baxılmalıdır. Çünki bu, nəticə etibarilə real sektorun və turizimin
inkişafı üçün vacib məsələdir. Bu baxımdan biz quru sərhədlərin
açılması üçün mərhələli şəkildə addımlar atılmasını təklif
etmişik”, – deyə V.Bayramov əlavə edib.

Qeyd edək ki, hazırda Azərbaycanla qonşu olan dövlətlərdə
Gürcüstan, Rusiya, İran və Türkiyədə quru sərhədləri açıqdır. Əgər
Azərbaycanda da bu qadağa götürülərsə, vətəndaşlar heç bir
məhdudiyyət olmadan qonşu ölkələr keçə biləcəklər.

Teqlər: