Qurtuluş günü qürur doğuran, unudulmaz gündür – Tahir Rzayev

Tarixdə elə anlar, günlər var ki, onlar əsrlərlə, illərlə yaddan çıxmır, unudulmur. Bir xalqın, vətənin taleyi, gələcəyi ilə bağlı olan belə günlər ölməz həyat qazanır, əbədiləşir və insanların qürur sinvoluna çevrilir.

15 iyun tarixi Azərbaycan xalqı, dövləti üçün unudulmaz, mən deyərdim ki, müqəddəs bir tarixdir. Ali məqsədlərə önəm vermək, insanların azadlığını, xoşbəxtliyini, gələcəyini təmin etmək, onlarda ümid, inam yaratmaq müqəddəslikdir. Bu baxmdan 15 iyun tarixi Azərbaycanın ən unudulmaz müqəddəs günlərindən biridir.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü il 15 iyun tarixində ikinci dəfə hakimiyyətə gəlişi Azərbaycan xalqını çox ağır bəlalardan, ölkəni müstəqilliyinin əldən getməsindən, faciələrdən, torpaqların daha geniş miqyasda zəbt olunmasından, vətəndaş müharibəsindən xilas etdi.

Həqiqətən də müstəqillik əldən gedirdi. AXCP-Müsavat cütlüyü ölkəni idarə edə bilmirdi. Torpaqlar kənd-kənd, şəhər-şəhər ermənilər tərəfindən alınmaqda idi. Heç bir təşəbbüs, heç bir təşkilatçılıq görünmürdü və demək olar ki, insanlar ümidsiz bir halda yaşayırdılar. Gələcəyə inam itmişdi, ordu quruculuğu yox idi, ölkədə aclıq başlamışdı, artıq qardaş-qardaşa silah qaldırırdı, rayonlar bir-bir boşalırdı və bu vəziyyətdən istifadə edən istər xaricdəki, istərsə də daxildəki qüvvələr ölkəni talan edirdilər, viran qoyurdular.

Belə bir çətin dövrdə Heydər Əliyev xalqın istəyi ilə hakimiyyətə gəldi və xalqın öz qənaətində yanılmadığını sübut etdi. Ona görə də bu gün Azərbaycan xalqı keçmişə nəzər salarkən, həmin günlərin acılarını heç zaman unutmamalıdır. Çünki həqiqətən də həmin gün bizim qurtuluş tariximizdir və həmin günün bəhrələri bu gün özünü həyata keçirilən tədbirlərdə, ölkə Prezidentinin fəaliyyətində, onun uzaqgörən siyasətində açıq-aydın göstərir.

1993-cü ilin 15 iyun Qurtuluş tarixi olmasaydı, biz bugünkü qələbələrdən, nailiyyətlərdən, yüksək göstəricilərdən, beynəlxaql aləmdə qazandığımız nailiyyətlərdən danışa bilməzdik. Məhz həmin günün təntənəsi bu qələbələr üçün zəmin hazırlayıb, bu qələbələr üçün bir bünövrə olmuşdur.

15 iyun tarixindən başlanan uğurlar, Ulu Öndər Heydər Əliyevin qəbul etdiyi bir çox qərarlar, sərəncamlar, fərmanlar, bağlanılan müqavilələr, həyata keçirilən layihə və proqramlar bugünkü inkişafımıza yol açıb, iqtisadiyyatın yüksəlişi üçün bir əsas olub və sözsüz ki, biz bunları uzun müddət, tarix boyu qeyd etməliyik.

Bu gün Azərbaycan beynəlxalq aləmdə tanınan bir ölkədir. Bu gün Azərbaycan düşmən üzərində tarixi qələbə qazanan, zəfər əldə edən, qalib bir ölkədir. Əlbəttə ki, bu qalibiyyət, bu zəfər, bu nailiyyətlər Ulu Öndərin adı ilə bağlıdır, onun təməlini qoyduğu, onun həyata keçirdiyi proqramların, o möhtəşəm layihələrin nəticəsidir. Bu siyasəti bu gün bizim hörmətli Prezidentimiz cənab İlham Əliyev uğurla həyata keçirir, ata vəsiyyətlərinə dönmədən əməl edir.

Cənab Prezident atasının, Ümummilli Liderimizin ən müqəddəs arzusunu, onun ən ağrılı yeri olan bir vəzifəni, həyata keçirdi və düşmən üzərində tarixi qələbə qazandı. Ulu Öndərin ən böyük arzusu Qarabağımızı azad etmək, Şuşamıza getmək, işğal altında olan torpaqları düşməndən qurtarmaq idi.

Cənab Prezident bu vəzifəni yerinə yetirdi. Ona görə də bu ilin Qurtuluş Günü bizim üçün daha əzizdir, daha uğurludur, daha möhtəşəmdir. Çünki biz 30 ildən sonra ilk dəfə olaraq, dövlətimizi bütöv görürük və Qurtuluş Gününü zəfər qazanan bir ölkənin, qalib dövlətin vətəndaşları kimi qeyd edirik. Allah Ulu Öndər Heydər Əliyevin ruhunu şad eləsin. Nə qədər ki, Azərbaycan var, nə qədər ki, Azərbaycan xalqı var Ümummilli Lider Heydər Əliyev də bizimlə yaşayır, onun ideyaları qalib gəlir və Qurtuluş Günü özünün müqəddəsliyini, möhtəşəmliyini, əbədiliyini yaşadır.

Tahir Rzayev Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Teqlər: