Maraqlı oyun oldu. Azarkeşlər matçdan zövq aldılar. Nəticə bizim üçün vacib idi.
AzerTimes xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə “Neftçi”yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis ilk hissədə oyunçular arasında bəzi anlaşılmazlıqların olduğunu bildirib:
“Buna normal baxıram. Futbolçular uzun müddət birlikdə deyil. Hər iki komanda çoxlu qol epizodları yaratdı. İlk dəqiqələrdən açıq futbol gedirdi. Rəqibin hər üzvünün ustalıq səviyyəsi və stadiondakı atmosfer də yaxşı idi. Belə azarkeş önündə oynamaq xoş oldu. Rəqibə uğurlar arzulayıram. Hesaba baxmayaraq çox səhvlərimiz oldu. Qarşıdakı matçlarda daha diqqətli olacağıq. Gələcəkdə daha diqqətli olmağa çalışacağıq.
“Neftçi”nin öz oyun üslubu var. Hər bir detalı açıqlasam, düzgün çıxmaz. Bəzi elementlərə hazırlaşmışdıq, pis də alınmırdı. Ümumilikdə yaxşı texniki futbol göstərməyi bacarırlar. Futbolçu seçimləri də maraqlıdır. Özlərini meydanda çox rahat hiss edirlər. Bu, hər bir komanda üçün çox vacibdir. “Neftçi” elə komandadır ki, istənilən rəqibə 5-6 qol vura bilər. Diqqətsiz yanaşsaq, hansısa epizodu nəzərdən qaçırsaq, cəzalanacağıq. İlk hissədə də belə oldu. Vaxt keçdikcə onları öz meydanlarında qarşılamağa başladıq. “Neftçi”yə qarşı oynamaq mənə xoşdur”.
Qurbanov “Olimpiakos”la Avropa Liqasındakı matç barədə danışıb:
“Azarkeşlərimiz həmişə bizə inanırlar və bütün matçlarda qələbə gözləyirlər. Onların bu istəyi bizi daha məsuliyyətli edir. Biz də çalışırıq ki, istənilən rəqib önündə yaxşı nəticə əldə edək. Mənim üçün bu qarşılaşmaya hazırlaşmaq çətin olacaq. Çünki “Olimpiakos”un yeni baş məşqçisinin hansı üslubda oyun seçəcəyini bilmirəm. Əməkdaşımız Yunanıstandadır, onların çempionat oyununu izləyəcək. Qələbə qazanmaq şansımız varsa, bundan maksimum istifadə edəcəyik”.