Qurbanov “Lex”lə matçdan danışdı: Tam hazır ola bilmərik…

Qurbanov “Lex”lə matçdan danışdı: Tam hazır ola bilmərik…

Bizi çox çətin oyun gözləyir. Rəqibi daha yaxından tanımaq, hiss etmək baxımından futbolçuların üzərinə xeyli iş düşəcək. İlk dəqiqələrdən çox diqqətli olmalıdırlar. Rəqibin yaxşı azarkeş dəstəyi, gözəl stadionu var. Baxımlı oyun göstərmək istəyirik. İnanıram ki, oyunçularım bunun üçün meydanda hər şeyi edəcək.

AzerTimes xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Polşada “Lex”ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis istəkli komandaya qarşı oynayacaqlarını bildirib:

“Lex” uzun müddət idi çempion olmurdu və 100 illik yubileyində bunu bacardı. Keyfiyyətli futbolçuları və maraqlı oyun üslubu var. Sadəcə, yeni baş məşqçi gəlib. Con van den Bromun işi ilə də maraqlandıq. Böyük ehtimalla, o da komandanın hazırkı oyun fəlsəfəsindən əl çəkməyəcək”.

O, sabahkı matça hazırlaşmaq üçün vaxtlarının az olduğunu bildirib:

“Buna baxmayaraq, komandada durum normaldır. Problemlərin az olmasına çalışdıq. Futbolçuların hamısı sağlamdır. Sadəcə, bir az vaxt problemi oldu. Buna görə narahat deyilik. Elə dönəmdir ki, tam hazır ola bilmərik. Təcrübəmizə güvənirik”.

Qurbanov “Lex”in fərqli futbol sərgilədiyini qeyd edib:

“Bundan əvvəl “Legiya”ya qalib gəlmişdik. Həmin görüş də asan keçməmişdi. Hazırkı rəqibimiz meydanda fərqli hücumlardan istifadə edir, topla davranmağı sevir. Amma biz daha çox öz oyunumuz barədə düşünürük. Hər komandanın özünəməxsus oyun tərzi var. Bəlkə də ilk matçda risklərimiz az olacaq”.

Qeyd edək ki, iyulun 5-də Poznandakı eyniadlı arenada oynanılacaq “Lex” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması 1 həftə sonra Bakıda keçiriləcək.

Teqlər: