Oyundan öncə yazmışdım: bu matçda meydanda oyunçular döyüşəcəksə, ondan kənarda məşqçilər baş-başa gələcək, sona qədər mübarizə aparacaqlar. Elə də oldu. Başlanğıcı Artur Jorje, sonranı isə Qurban Qurbanov qazandı. Ən yaxşı gülən isə bilirik ki, sonra güləndi. Həm gülən Qurban oldu, həm də ağlayan. Sevincdən ağlayan!
İlk oyunu analiz edərkən, elə ondan öncə də qeyd edirdik ki, rəqibin adından çəkinməyəcəyimiz halda onu keçmək şansımız yüksəkdir. Səfərdə də bunu gördük. Cavab matçı da fikirlərimizi təsdiqlədi.
Etiraf edək ki, qarşılaşmanın əvvəlində son 3-4 ilin ən ehtiyatlı “Qarabağ”ını izlədik. Bəli, epizodlar əldə edildi, qaçırıldı, amma bu, ümumi görünüşü dəyişmirdi. İlk matçda qazanılan qələbəni əldən vermək qorxusu ağdamlıları həyəcanlandırmış, bu həyəcan yerini gərginliyə vermiş, o da qorxuya keçirmişdi. Bəli, meydandakı “Qarabağ” uduzmağa qorxurdu. Hesabda iki top irəlidə ola-ola, üstün tərəf ola-ola. Səbəbi yəqin ki, təcrübə çatışmazlığıdır. Maraqlısı da odu ki, “Braqa” da bizdən çəkinirdi və ona görə də birinci hissəni ehtiyalı oynadı, kəşfiyyat apardı, həmləsini fasilədən sonraya saxladı. Jorjenin gedişləri tezliklə effektini verdi və qırmızı vərəqədən sonra azlıqda da qalan meydan sahiblərini çaş-baş duruma sala bildi. Hər şey mənfi sonluğa doğru gedirdi.
Amma Qurbanov da boş dayanmamışdı. Adam bir daha gördü ki, rəqib güclü olsa da, qorxunc deyil, məğlub edilə bilər, mübarizə aparmaq lazımdır. Effektiv olmayan Andradeni əvəzləyib, bu oyunu çox da yaxşı keçirməyən Veşoviçin önünə Mateusu saldı. Bu, həm ciddi problem yaşanan, ard-arda boşluqlar verən həmin cinahı bağlamaq, həm də əks-hücumlarda sürətli olaraq rəqibi yaxalamaq imkanı verdi. Silva işinin öhdəsindən gəldi. Keyta mərkəz hücumçusu mövqeyinə buraxılmışdı, amma onun qolçuluq bacarığı yox, sürət və gücü nəzərə alınmışdı. Hamidu xüsusi heç nə ilə yadda qalmadı, Mateus isə super idi.
Marko Yankoviçi heç müzakirə etməyəcəm: turu məhz bu futbolçu hesabına keçdik desək, yanılmarıq. İnanılmaz bir qüvvə idi. İnanılmaz. Sadəcə, inanılmaz!
Və Nəriman Axundzadə. Səfərdəki qolu vurmamaqla böyük tənqidlərə tuş gələn futbolçunu yenə eyni vaxtda meydana buraxmaq, onu döyüşə ataraq ikinci şansı vermək üçün adamda ürək və təbii ki, prinsipiallıq lazımdır. Bu addımı atmaq üçün gərək qorxmayasan. Bu addımı atmaq üçün addımında 100 yox, min yox, milyon faiz əmin olmalısan. Plana, strategiyaya, bunların düzgünlüyünə zərrə qədər şübhə etməməlisən. Qurban Qurbanov qorxmadı və məqamı gözlədi. Rəqibin başını qarışdırıb piyadanı son xanaya çatdırıb vəzirə çevirmək, bununla da qələbəni qazanmaq əsl şah, əsl qrossmeyster gedişi idi!
Şah və mat!
Rəqib təslim olur, əlimizi sıxır və uzaq vətəninə yollanır. Biz isə öz Vətənimizdə qalır, qələbəni bayram edir, AVROPA LİQASININ 1/8 FİNAL MƏRHƏLƏSİndə rəqibimizi gözləyirik!
Dəhşətli hisslərdir…