“Malmö” İsveç futbolunun nəhəngidir, onu Bakıda izləmək xoş olacaq. Bura qələbə üçün gəlirlər, dünənki mətbuat konfransında bunu açıq etiraf etdilər. Ancaq onların saydıqları başqa şeydir, bizim saydığımız başqa. “Qarabağ” bu komandanı nəinki udmaq, hətta darmadağın etmək gücünə malikdir.
Bu sözləri AzerTimes-a açıqlamasında idman eksperti Kənan Məstəliyev bu gün baş tutacaq “Qarabağ”-“Malmö” görüşü ilə bağlı danışarkən deyib.
Ekspert bildirib ki, baş məşqçi Qurban Qurbanovun bu oyunda sürprizi 3 hücumçu ilə oynamağı ola bilər:
“Nominal hücumçu təbii ki Juninyodur, amma bu dəfə Zubir və Benziya da önə çox yaxın olacaq, müdafiə çalışmalarında iştirak etməyəcəklər. Adətən məşqçi onlara topu arxaya gələrək götürmək tapşırığı verir, qabaqda ancaq Juninyonu saxlayırsa, bu dəfə fərqli ola bilər. İrəlidə 3 nəfər qala, müdafiədən uzun ötürmələrlə çıxa bilərik. Bu, qol buraxma ehtimalımızı çoxaltsa da, qol vurma şansımızı da 3 dəfə artırır. Riskli gedişdir, amma bu gün üçün optimal variant budur. Proqnozum isə qələbədir. “Malmö” ümumilikdə elə “Qarabağ” kimi oynamaq istəyir, amma “Qarabağ” güclüdür. Biz daha yaxşı komandayıq, daha təcrübəliyik, fərdi ustalıq baxımından üstün olan oyunçularımız daha çoxdur, qələbəni də daha çox istəyirik. İstək isə işin yarısıdır”.