O, hazırda çox dilxordur.
AzerTimes xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qapıçı Şahruddin Məhəmmədəliyev haqqında danışarkən deyib.
50 yaşlı mütəxəssis Çexiyada “Viktoriya”ya 1:2 hesabı ilə uduzduqları görüşdə səhvə yola verən oyunçunun öz işində məsuliyyətli olduğunu bildirib:
“Məhəmmədəliyev daha yaxşı olmaq və böyümək istəyir. Sabah mən də səhv edə bilərəm və bu da müzakirə mövzusu ola bilər. Hətta 10 illik nəticələrimin üzərindən xətt çəkə bilərlər. Azarkeşlər qarşılaşmalardan sonra aqressiv və emosional olurlar. Şahruddini indidən sonra da sevəcəklər”.
Qurbanov bəzi ulduz futbolçuların da səhvlərə yol verdiyini söyləyib: “Şahruddin ən güvəndiyim oyunçulardan biridir. Xarakteri, insanlığı cavan futbolçulara örnəkdir. O, işini çox sevir və ağrılara dözən futbolçudur. Mənim ürəkli insanlara və idmançılara inamım çox böyükdür. Hər sahədə belə insanlara ehtiyac var. Şahruddin çox məsuliyyətli olduğu üçün fikir edir. Həmişə onun arxasındayam. Azarkeşlər də onu çox istəyir. Bəzən uduzanda mən də oyunçuları acıqlayıram. Amma iki gün sonra sığallayıram. İnanıram ki, fanatlar yenidən Şahruddinə güvənəcək”.