Qulu Ağsəs ADU-nun qonağı oldu

Qulu Ağsəs ADU-nun qonağı oldu

Azərbaycan Dillər Universitetində (ADU) Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq Mərkəzi tərəfindən “Heydər Əliyev və Azərbaycan mediası” adlı dəyirmi masa keçirilib.

Bu barədə AzerTimes-a ADU-nun mətbuat xidmətindən məlumat verilib.

Tədbirin moderatoru, Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva medianın inişaf tarixi, informasiyanın əldə edilməsi üsullarının texniki tərəqqəsi ilə bağlı fikirlər söyləyib.

Regionşünaslıq kafedrasının müəllimi Ülviyyə Hüseynova “Heydər Əliyevin Azərbaycan mediasının inkişafında rolu” adlı çıxışında ümummilli lider tərəfindən mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsi, söz və fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yarandığını söyləyib.

Tədbirdə “Ulduz” jurnalının baş redaktoru, Prezident təqaüdçüsü, əməkdar jurnalist, şair, publisist Qulu Ağsəs medianın, xüsusilə mətbuatın inkişafında H.Əliyevin əvəzsiz rolundan bəhs edib. Qonaq bildirib ki, 90-cı illərin əvvəllərində respublikada yaranmış gərgin və xaotik vəziyyət Azərbaycan mətbuatından da yan keçməmişdi. Məhz, Ümummilli liderin gərgin səyləri nəticəsində Azərbaycan mediası bütün buxovlardan azad edilərək, dinamik inkişaf mərhələsinə qədəm qoyub.

“Ulduz” jurnalının nəşr şöbəsinin müdiri, yazar, publisist Taleh Mansur çıxışında qeyd edib ki, müasir dövrdə medianın ən ümdə vəzifələrindən biri xarici dil bilən gənclərin diqqətini cəlb etmək üçün yollar axtarılmasıdır.

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı İ.Kazımbəyli tədbir iştirakçılarına, təşkilatçılara və qonaqlara təşəkkürünü bildirib, H.Əliyev ilə bağlı silsilə tədbirlərin bütün sahələrdə davamlı olaraq keçiriləcəyini xüsusi olaraq vurğulayıb.

Tədbirdə Ulu öndərin jurnalistlərlə görüşləri haqqında videoçarx nümayiş olunub.

Sonda tələbələrə “Ulduz” jurnalının müxtəlif nömrələri hədiyyə edilib.

Teqlər: