Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin Quba üzrə keçmiş nümayəndəsi və axund Elnur Əfəndiyevi şantaj edən Nübar İsazadə və bu işdə ona kömək edən müdiri İftixar Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
AzerTimes-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Nübar İsazadə və İftixar Ağayev Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinib, N.İsazadə 10 il, İ.Ağayev isə 11 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssiəsində çəkəcəklər.
İttihama əsasən, N.İsazadə E.Əfəndiyevin tələbəsi olub və aralarında intim yaxınlıq baş verib. N.İsazadə işlədiyi elektronika mağazasının müdiri İ.Ağayevin köməyi ilə evinə kamera quraşdırıb və axundla intim görüntülərini qeydə alıb. Daha sonra N.İsazadə və İ.Ağayev həmin görüntüləri yaymaqla axundu hədələyərək ondan 75 min manat pul tələb ediblər.