Bir il əvvəl Azərbaycan Ordusu elə bir tarixi zəfərə imza atdı ki, biz bundan sonra yalnız qələbə günlərini, tarixi torpaqlarımızın işğaldan azad olunduğu günləri qeyd edəcəyik. Ötən gün Qubadlının azad olunmasından bir il ötdü. Qubadlının işğaldan azad olunması Azərbaycan ordusunun Laçına, oradan isə Şuşaya gedən yolunu açdı. Nəzərə alsaq ki, Qubadlı Ermənistanla sərhəddə yerləşir və düşmən burada 30 il ərzində istehkamlar quraraq möhkəmlənmişdi, bu mənada Qubadlı uğrunda gedən döyüşlər kifayət qədər ağır döyüşlər idi. Amma müzəffər Azərbaycan Ordusu bu döyüşdə də uğur qazanaraq, düşmənin bütün hədəflərini məhv etdi və Qubadlı 27 illik əsarətdən sonra azadlığına qovuşdu.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat bildirib ki, Qubadlının azad olunmasının 1 ili münasibətilə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva ənənəyə sadiq qalaraq, azad olunmuş ərazilərimizə səfər etdi:
“Yerli ictimaiyyətlə görüşdə hazırda Qubadlıda görülən işlər və gələcək planlarla bağlı dövlət başçısı mühüm mesajlar verdi. Ali Baş Komandan İlham Əliyev bir daha bəyan etdi ki, biz qurucu xalqıq və Qubadlını yenidən quracağıq. İşğaldan azad olunmuş bütün ərazilərimizi, o cümlədən Qubadlını da cənnətə çevirəcəyik. Son bir il ərzində Qubadlıda həyata keçirilən bərpa-quruculuq işlərinə gəlincə, ilk növbədə Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışını qeyd etməliyik. Bu, ilk növbədə Azərbaycanın öz sərhədlərində möhkəmləndiyini göstərir. Yeni kompleksin döyüş texnikası parkında müasir silah sistemlərinin mövcudluğu isə Azərbaycanın hərbi qüdrəti və sərhədlərimizin etibarlı qorunmasının göstəricisidir”.
K.Nurullayeva vurğulayıb ki, digər azad edilmiş torpaqlarda olduğu kimi Qubadlıda da quruculuq, bərpa işləri, müasir nəqliyyat, enerji və s. sosial-iqtisadi infrastruktur layihələri icra olunmaqdadır: “Qubadlı yarımstansiyası da daxil olmaqla artıq azad olunmuş bölgələrimizdə 7 yarımstansiya istifadəyə verilib ki, bu da işğaldan azad edilmiş ərazilərin 80 faizinin artıq Azərbaycanın ümumi enerji sisteminə qoşulması deməkdir. Xanlıq-Qubadlı avtomobil yolunun tikintisi isə infrastruktur işlərinin birinci sırada olduğunu göstərir.
Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, indi biz Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkirik ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Eyni zamanda burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün imkan olsun. Üstəlik, Qubadlı böyük potensiala malikdir, zəngin təbiəti, təbii sərvətləri vardır.
Həkəri, Bazarçay, Bəsitçay və Tərtər çayı vasitəsilə biz su resurslarımızdan da səmərəli istifadə etmək imkanı qazandıq. Ən əsas məsələ ilə Qubadlı sakinlərinin də bu bölgəmizin inkişaf konsepsiyasında yaxından iştirak etməsidir.
Bu görüşlərdə əsas diqqət çəkən məqamlardan biri də dövlət başçımızın azad edilmiş rayonların ictimaiyyəti ilə yerində görüşlər zamanı şəhid ailələrinin üzvlərinə, müharibə iştirakçılarına xüsusi münasibət sərgiləməsidir. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Qubadlı ictimaiyyətinin nümayəndələri ilə səmimi söhbətləri, ümumiyyətlə, şəhid ailə üzvlərinə yüksək səviyyəli ehtiram cəmiyyət tərəfindən də rəğbətlə qarşılanır”.