Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi davam etdirilir (FOTO)

Dövlətimizin başçısının tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonları ərazisində icra olunan, işğaldan azad edilmiş
rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq
yol infrastrukturu layihələrindən biri Qubadlı-Eyvazlı avtomobil
yoludur.

28.5 km uzunluğa malik Qubadlı-Eyvazlı avtomobil yolu 2 zolaqlı
olmaqla, IV texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda
yolboyu genişmiqyaslı tikinti işləri aparılır.

Bu barədə AzerTimes-a AAYDA-dan məlumat verilib.

Qubadlı rayonunda çətin relyefə malik ərazidən keçərək Eyvazlı
kəndinə gedən avtomobil yolunun layihə eninin alınması üçün “İnşaat
Norma və Qaydaları”na uyğun olaraq qaya qruntları dağıdılmaqla
torpaq yatağının inşası aparılır.

Layihəyə uyğun olaraq yolun 26-km-lik hissəsində yararsız
qruntun və torpaq yatağının genişləndirilməsi üçün bitki qatının
çıxarılması, qazma, əks dolğu, dağ yamaclarının kəsilməsi, dağlarda
qırıcı üsulu ilə yol yatağının layihə səviyyəsinə gətirilməsi və
tikintisi icra edilir.

Yolun 21-22-ci km-lik hissəsində yol yatağının profilə salınması
və dolğu işləri son mərhələ üzrə icra olunur. 23-25-ci km-lik
hissədə yol yatağınin ikintisi artıq yekunlaşıb. 27-28-ci km-lik
hissədə isə dolğu işləri və yeni yol yatağının inşası həyata
keçirilir.

Xüsusi texnikalardan istifadə olunmaqla icra olunan işlərin
zamanında və keyfiyyətlə yerinə yetirilməsi üçün tikinti ərazisinə
lazımi sayda texnika və canlı qüvvə cəlb edilib.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini
təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru,
düzbucaqlı su keçidlərinin və alt keçidlərin, həmçinin avtomobil
körpülərinin inşası aparılır.

Hazırda yolun 2.5-ci km-də inşa olunan 122.4 metr uzunluğa malik
4 aşırımlı körpüdə svay, qazma və betonlanma işləri icra olunur.
Yolun 21-ci km-də tikilən 66 metr uzunluğa malik 2 aşırımlı
avtomobil körpüsündə isə svay üçün hazırlıq prosesi aparılır.

Tikintinin qısa müddət ərzində icra edilməsini təmin etmək
məqsədilə ərazidə düşərgə inşa edilib. Düşərgədə asfalt-beton
zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi
ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana
və dincəlmək üçün yerlər qurulub.

Cari il ərzində tikintisinin başa çatdırılması planlaşdırılan
Qubadlı-Eyvazlı avtomobil yolu Qubadlı rayonunun Mahmudlu, Xıdırlı,
Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən
keçir.

Teqlər: