Qubada təbiətə bir milyon manatdan çox ziyan vurulması ilə bağlı cinayət işi başlanılıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi
tərəfindən aparılmış araşdırma nəticəsində Quba rayonunun
ərazisində yerləşən “Mirzəqışlaq”, “Talıbqışlaq”, “Qaralçay” və
“Qudyalçay” qum-çınqıl yataqlarında qanunsuz qum hasilatı
nəticəsində təbiətə ümumilikdə 1 milyon 144 min manat ziyanın
dəyməsi müəyyən edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata
görə, araşdırma gedişatında hüquqi şəxslər və hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə
ayrılmış ərazilərdə və ayrılmış ərazilərdən kənarda hasilat ilə
bağlı çoxsaylı hüquq pozuntuları nəticəsində ətraf mühitə ciddi
ziyanın vurulmasına dair əsaslı şübhələr müəyyən edildi.

Fakt üzrə Cinayət Məcəlləsinin 188 (torpaq üzərində mülkiyyət,
istifadə və ya icarə hüququnu pozma), 255 (yerin təkinin qorunması
və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 5 cinayət işi
başlanılıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq
İdarəsinə tapşırılıb.

Teqlər: