Qubada fəaliyyət göstərən turizm müəssisələri üçün keçirilən təlimlər başa çatıb (FOTO)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzinin (KOBİM) təşkilatçılığı və Dövlət Turizm Agentliyinin Quba Destinasiya Menecmenti Təşkilatının dəstəyi ilə Quba rayonunda fəaliyyət göstərən turizm müəssisələri və turizm sahəsində təhsil alan tələbələr üçün təşkil olunmuş təlimlər başa çatıb.

KOBİA-dan AzerTimes-a verilən məlumata görə, turizm obyektlərinin yay turizm mövsümünə hazırlıq səviyyəsinin artırılmasına və turizm sahəsində kadr potensialının inkişafına dəstək məqsədilə keçirilmiş təlimlərdə turizm müəssisələrinin 70-ə yaxın rəhbər və işçi heyəti, 4 təhsil müəssisəsində turizm sahəsində təhsil alan 40-dan çox tələbə iştirak edib. Qeyd edək ki, turizm sahəsində təhsil alan tələbələrin təlimlərə cəlb olunmasında məqsəd onların məşğulluq imkanlarının genişləndirilməsinə və turizm müəssisələrinin potensial kadr seçiminə dəstək göstərmək olmuşdur.

Nəzəri və praktik hissələrdən ibarət təlimlər çərçivəsində iştirakçılar turizm müəsissələrində tibbi təhlükəsizlik və əməyin mühafizəsi, marketinq, satış, “MSDS” təlimatı və təmizlik heyəti üçün kimyəvi dərmanlardan istifadə, mətbəxdə qabaqcıl beynəlxalq təcrübə və şəxsi gigiyena qaydalarına nəzarət, xidmət və menyunun təqdimatı, qonaqpərvərlik, müştərilərlə peşəkar ünsiyyət mövzularında məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Turizm müəssisələrində təşkil olunan təlimlər pandemiya ilə əlaqədar olaraq qruplar şəklində və müvafiq qaydalara uyğun olaraq keçirilib.


Təlimi uğurla başa çatdıran iştirakçılara sertifikatlar təqdim olunub.

Yaxın günlərdə Qusar rayonunda fəaliyyət göstərən turizm müəsissələri və tələbələr üçün də turizmlə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulur.