Quba rayonunda qum-çınqılın qanunsuz hasilatı çay məcralarını istismar edib (FOTO)

Xəbər - Fərid Zöhrabov – Trend:

“Quba rayonunda qum-çınqılın qanunsuz hasilatı nəticəsində çay
məcralarının intensiv sürətdə istismara məruz qalıb. Məcrası 30
metrə qədər dərinləşən çayın kənarlarında yerləşən bağların
ərazilərində uçqun baş verib”.

Trend-in məlumatına
görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət
Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisi
Sadiq Əmiraslanov bildirib.

Onun sözlərinə görə, Vəlvələçayın Quba rayonu ərazisindən keçən
hissəsində karxana fəaliyyəti nəticəsində çayın dərəsi 20 metrə
qədər dərinləşib və 10 hektar səthə malik göl əmələ gəlib:

“Qudyalçayda sugötürücü qurğudan aşağı axında yerləşən
karxanalar da bərpa olunmayan və ya bərpası çox zəif gedən
sahələrdəndir ki, burada da bəzi karxanalarda istismardan sonra gil
qatı açılıb.

Beləliklə, Quba-Xaçmaz zonasında Qudyalçayda – “Qudyalçay”,
“Qımılçay”, “Zizik”, Qaraçayda – “Qaraçay II”, “Mirzəqışlaq”,
“Nügədi”, Vəlvələçayda – “Vəlvələçay I, II”, “Talıbqışlaq”,
Çağacuqçayda isə “Cağacuqçay” qum-çınqıl qarışığı yataqlarında
intensiv istismar işləri aparıldığına görə çay məcralarının
normadan artıq dərinləşməsi, sahillərin isə genişlənməsi baş
verib”.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin
İdarə Heyətinin sədr müavini Azər Şükürov hasilat işləri aparmaq
üçün icazəsi olan istismarçıların fəaliyyətinə maneə törətmək
fikrində olmadığını bildirib:

“Onlardan sadəcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi
tərəfindən müəyyən edilən dərinlikdə, onlara müvafiq icazə sənədi
ilə ayrılan ərazidə qazıntı işlərinin qanuna müvafiq qaydada
aparılması tələb olunur. Biz anlamalıyıq ki, ekologiyanın
təhlükəsizliyinə vurulan ziyan dövlət təhlükəsizliyinə vurulan
ziyana bərabərdir”.

Azər Şükürov onu da əlavə edib ki, agentlik icazə sənədi ilə
ayrılmayan sahədən və dərinlikdən hasilata və ətraf mühitə dəymiş
ziyana görə ödəniləcək cərimələrin məbləğlərini hesablayaraq
müəyyən etdiyi ziyan məbləğləri ilə bağlı məhkəmələrdə iddialar
qaldırır:

“Ziyanın yekun məbləği və ödəniş qaydası məhkəmə tərəfindən
müəyyən edilir”.

Teqlər: