Qriqoryanın Xankəndiyə gəlişi və Bakıdan üzr istəməsi…

Qriqoryanın Xankəndiyə gəlişi və Bakıdan üzr istəməsi…

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Xankəndiyə gəlişinin iki mümkün səbəbi ola bilər:

Birincisi, məlum separatizmin başlanmasının 31-ci ildönümündə terrorçu rejimin yanında olmaq: müharibədən sonra Ermənistan hakimiyyəti yüksək səviyyəli rəsmilərin Qarabağa getməməsi ittihamı ilə üzləşir və belə bir səfərlə Paşinyan “dəstək” nümayiş etdirə bilər, hərçənd, bu versiyanı zəiflədən məqamlar var:

– Qriqoryanın səfəri haqda rəsmi məlumat nə Ermənistan, nə də separatçılar tərəfindən verildi: sadəcə, özü sosial şəbəkədə bir cümlə ilə foto paylaşıb;

– Fotodan görünür ki, gülqoyma mərasimində təkdir, separatçı rejimin nümayəndələrindən heç biri yanında deyil;

Məqsəd Paşinyan hakimiyyətinə qarşı “arsax” ittihamlarına cavab olsaydı, rəsmi İrəvan bunu xüsusilə tirajlayar, separatçı rejimdən kimlərinsə iştirakı ilə “mərasim” təşkil olunardı;

İkincisi və daha real görünən versiya Qriqoryanın Qarabağdakı daxili vəziyyəti öyrənmək məqsədilə gəlməsidir: müharibədən sonra Araik Nikolla “əməkdaşlığı” davam etdirsə də, Paşinyanın “status iddiasını aşağı salmaq”la bağlı açıqlamasından sonra keçmiş klan və Rusiya ilə yaxınlıq xəttini seçib, bunun fonunda Xankəndidə erməni baş nazirə qarşı “satqın” ittihamları artıq separatçı rejimin özü tərəfindən dəstəklənir; bu vəziyyət – İrəvanın Xankəndiyə təsir imkanlarının zəifləməsi Azərbaycanla danışıqlarda, xüsusilə sərhəd və kommunikasiyanın açılması prosesində istəklərinə nail olmaq baxımından Ermənistanın əlini zəiflədən məqamdır; istisna deyil ki, Qriqoryan separatçı rejimlə mövqelərin bərpa edilməsi məqsədilə müzakirələr aparıb.

Qriqoryanın İrəvan üçün “asan keçməyən” Brüssel görüşündən sonra gəlməsi də xüsusi diqqət çəkir: mümkündür ki, Paşinyan “Qarabağ kartını” ən azı Bakı ilə müzakirələrdə rıçaq olaraq saxlamaq məqsədilə itirmək istəmir.

Qriqoryanın səfəri ilə bağlı maraqlı məqamlardan biri isə “168.jam” saytının mənbələrə istinadən yaydığı məlumatdır. Sayt iddia edir ki, Armen Qriqoryan onun səfərinə Bakının reaksiyasından sonra qapalı kanallarla Azərbaycan tərəfindən üzr istəyib, səfərinin məqsədinin siyasi yox, şəxsi məsələ olduğunu, ata və anasının məzarını ziyarət üçün getdiyini deyib (Qriqoryan 1983-cü ildə Xocavənddə anadan olub).

Bu məlumatın Ermənistan daxili siyasətində informasiya mübarizəsinin parçası olması da istisna deyil. Hərçənd, Qriqoryanın səfərlə bağlı paylaşımında separatçıların qondarma “müstəqillik gününü” təbrik etməməsi, yalnız, “abidəni ziyarət etdim” qeydini yazması da diqqətdən yayınmır. Görünür, İrəvan bir tərəfdən oyun qurmaqla yanaşı, digər tərəfdən, Bakının reaksiyasını da nəzərə almağa çalışır.

Teqlər: