Azərbaycan Brüsseldə Avropa Birliyi, Azərbaycan və Ermənistan formatında Brüsseldə tezliklə üçtərəfli görüşlərə hazırdır.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X (tvitter) sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, Azərbaycan Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelinin iştirakı ilə aparılan Avropa Birliyi, Azərbaycan və Ermənistan formatında olan üçtərəfli Brüssel prosesini və regional sülh gündəliyini dəstəkləyir və bu mənada sülh müqaviləsi daxil olmaqla, bir çox sülh təşəbbüslərinin müəllifi məhz Azərbaycandır:
“Fransanın regionda qərəzli və militarizasiya siyasətinə, Cənubi Qafqazda regional sülh və sabitliyə zərər gətirən və Avropa Birliyi Cənubi Qafqaz siyasətini risk altına qoyan addımlarına və rəsmi Bakının israrına baxmayaraq, region ölkəsi olaraq qardaş Türkiyənin beşli formatda (Azərbaycan, Ermənistan, Avropa Birliyi, Fransa və Almaniya) olan görüşdə iştirakına imkan verilməməsinə görə Azərbaycan Qranada da iştirak etməməyə qərar vermişdir. Biz, həmçinin, ev sahibi olaraq İspaniyanın da bu formatda olan görüşdə iştirakının tərəfdarı idik. Bəzi beynəlxalq media resurslarında bunun Azərbaycanın Ermənistanla təmaslardan və ya danışıqlardan imtina etməsi kimi təqdim edilməsi düzgün deyildir. Azərbaycan Brüsseldə Avropa Birliyi, Azərbaycan və Ermənistan formatında Brüsseldə tezliklə üçtərəfli görüşlərə hazırdır.
Azərbaycan tərəfi eyni zamanda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi və sülh müqaviləsi üzrə birbaşa və ikitərəfli dialoqu və danışıqları dəstəkləyir. Fürsətdən istifadə edərək İspaniyadan olan həmkarlarımızı və dostlarımızı Avropa Siyasi İcmasının Qranada görüşünü uğurla təşkil etmələri münasibətilə təbrik edirik və Ermənistan-Azərbaycan dialoquna töhfə vermək niyyətlərinə görə təşəkkür edirik”,- deyə H.Hacıyev bildirib.
Xatırladaq ki, Prezident İlham Əliyev Avropa İttifaqı (Aİ), Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya (Qranada şəhərinə) getməkdən imtina edib. Buna səbəb Fransanın destruktiv mövqeyi, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirakı ilə bağlı fikir ayrılığıdır. Belə bir şəraitdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib.