Xəbər - Elçin Mehdiyev – Trend:
BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyünə və suverenliyi ilə bağlı məsələlərdə beynəlxalq hüquqa uyğun olaraq daim ədalətli mövqedən çıxış edib. Bu baxımdan, Qoşulmama Hərəkatının Azərbaycana dəstəyinin əhəmiyyəti kifayət qədər böyükdür.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Onun sözlərinə görə, əsas məqsədi sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan bu təşkilata Azərbaycanın sədrlik etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun və nüfuzunun göstəricisidir.
S.Məmmədov ötən il Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində törədilən hərbi təxribatla əlaqədar və Vətən müharibəsi zamanı Qoşulmama Hərəkatında qəbul edilən sənədlərdə Azərbaycanın haqlı mövqeyinin müdafiə olunduğunu xatırladıb.
O qeyd edib ki, təşkilatın 7 üzvünün BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qəbul edilməsi nəzərdə tutulan qərəzli bəyanata qarşı qətiyyətli mövqe nümayiş etdirməsi Azərbaycanın xarici siyasət strategiyasının düzgün qurulduğunu bir daha təsdiq edir: “Nəzərə alsaq ki, Qoşulmama Hərəkatınını istinad etdiyi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasət prioritetlərinə tamamilə uyğundur. 2019-cu ildə Qoşulmama Hərəkatının sədri seçilən ölkəmiz fəaliyyətini məhz bu prinsiplər əsasında quracağını bəyan edib. Bunlar suverenliyə və ərazi bütövlüyünə hörmət, ölkələrin daxili işlərinə qarışmamaq, əməkdaşlığı təşviq etmək və digər prinsiplərdir. Azərbaycan öz xarici siyasətində bu prinsiplərə daim əməl edən dövlətlərdən biridir”.
Milli Məclisin deputatı bildirib ki, 2020-ci ildə Azərbaycan Qoşulmama hərəkatının gündəlyində duran vacib məsələlərdən birini həll edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. Bu münaqişənin həlli, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması bir daha beynəlxalq hüququn fundamental prinsiplərinə dünya birliyi tərəfindən xüsusi həssaslıqla yanaşılmasının nə qədər vacib olduğunu təsdiq etdi: “Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə bərabər, həm də beynəlxalq ictimaiyyəti uzun müddətdir ki, narahat edən, regionda sülhün, təhlükəsziliyin təmin olunmasına maneə törədən, Cənubi Qafqaz xalqlarının rifahını, inkişafını əngəlləyən problemlərdən birini aradan qaldırıb. İndi qarşıda sülh sazişinin imzalanması, kommunikasiyaların açılması, əməkdaşlıq üçün bütün imkanların istifadə olunması kimi mühüm vəzifələr dayanır. Hesab edirəm ki, ölkəmizin bugünkü iqtisadi gücü, hərbi imkanları, eləcə də beynəlxalq nüfuzu bu vəzifələri də uğurla icra etməyə imkan verəcək”.