Qorxu və vahimə yaradan cinayət hadisələri… – Nağıyev

Qorxu və vahimə yaradan cinayət hadisələri… – Nağıyev

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə 20-dən çox xarici ölkənin təhlükəsizlik və kəşfiyyat orqanlarının nümayəndələrinin təmsil olunduğu “Proksi şəbəkələrin destruktiv fəaliyyətinə qarşı birgə mübarizə” mövzusunda Bakı Təhlükəsizlik Forumu keçirilib.

AzerTimes xəbər verir ki, giriş nitqi ilə tədbiri açıq elan edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev qonaqları səmimi salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirmiş, ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətinə toxunaraq bu təşəbbüsün reallaşmasında göstərdiyi dəstəyə görə dövlət başçısına dərin təşəkkürünü bildirib.

General-polkovnik Əli Nağıyev yeni nəsil müharibə üsulu olan və birbaşa hərbi güc tətbiqini istisna edən proksi müharibələrin ölkələrin təhlükəsizliyinə nüfuz və ya təsir etmə vasitəsi olduğunu, proksi şəbəkələrin fəaliyyətinin bəzi terrorçu qruplar, radikal-ekstremist və separatçı qüvvələr tərəfindən dövlətlərdə mövcud sabitliyin pozulmasına yönəlmiş təxribat xarakterli əməllər – terror aktları, əhali arasında qorxu və vahimə yarada bilən digər cinayət hadisələri törətmək, insanlar arasında nifrət, düşmənçilik hisslərini aşılamaq, kibercinayətkarlıq və s. formada təzahür etdiyini nəzərə çatdırıb.

Proksi qrupların pozuculuq fəaliyyətinin doğurduğu təhdidlərlə mübarizədə ölkələrin səylərinin birləşdirilməsinin vacibliyinə diqqət çəkən general-polkovnik Əli Nağıyev Bakı Təhlükəsizlik Forumunun bunun üçün uğurlu başlanğıc olacağına, konfrans çərçivəsində aparılacaq müzakirələrin, veriləcək təkliflərin birgə əməkdaşlığın səmərəli təşkilinə əlverişli zəmin yaradacağına inamını ifadə edib.

Ardınca proksi şəbəkələrdən bəhs edən videoçarx nümayiş olunmuş, sonra xarici nümayəndə heyətlərinin rəhbərlərinin tədbirin mövzusu ətrafında geniş məruzələri, beynəlxalq təhlükəsizlik sisteminin üzləşdiyi mənfi təzahürlərlə bağlı çıxışları dinlənilmişdir. Onlar müasir dövrün aktual problemlərindən olan proksi şəbəkələrin destruktiv fəaliyyətinə həsr olunmuş tədbirin beynəlxalq səviyyədə vacibliyindən söhbət açaraq sözügedən mövzuda ilk dəfə keçirilən tədbirin təhlükəsizlik sahəsində dövlətlərarası münasibətlərin inkişafına mühüm töhfə verəcəyinə əminliklərini bildiriblər.

Sonda beynəlxalq konfransın bütün iştirakçılarının mövqeyini əks etdirən Bəyannamənin ilkin variantı rəy və təkliflərin alınması üçün tərəfdaş ölkələrə təqdim olunub, habelə Azərbaycan təhlükəsizlik orqanlarının fəxri və əbədi rəhbəri, mənalı ömrünün böyük hissəsini bu orqanlarda xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq təsis edilmiş müvafiq Forumun gələcəkdə də keçirilməsi qərara alınıb.

Teqlər: