Qorxu və həyəcan uşaq psixologiyasına necə təsir edir?

Qorxu və həyəcan uşaq psixologiyasına necə təsir edir?

Bəzi uşaqlar hisslərini açıq şəkildə ifadə edərkən, digərləri gizlədirlər. Uşaqların beyni hələ də tam olaraq inkişaf etmədiyindən, stressli və qayğılı vəziyyətlər beyinlərinə mənfi təsir göstərə bilər. Bu vəziyyətdə xüsusən valideynlərin üzərinə düşən vəzifə uşağa psixoloji dəstək göstərməkdir.

AzerTimes xəbər verir ki, bu barədə türkiyəli psixiatr İşıq Qaraqaya deyib.

Onun sözlərinə görə, ilk üç il beyinin inkişafı üçün çox əhəmiyyətlidir:

“Beyinin inkişafı körpə hələ ana bətnində ikən başlayır və doğulanda demək olar ki, böyüklərlə eyni sayda neyronlara (sinir hüceyrələri) malik olur. Lakin neyronlararası əlaqələr ana bətnində ikən hələ formalaşmır. Körpənin yaşadığı təcrübələr vasitəsilə neyronlar arasında əlaqələr inkişaf etməyə başlayır. Beyinin inkişafı yetkinliyə qədər davam etsə də, xüsusilə ilk üç ilin çox kritik olduğu qəbul edilir. Ona görə də bu və sonrakı dövrlərdə körpəyə uyğun mühit və təcrübələr təmin etmək beyinin inkişafı və yetkinləşməsi üçün çox vacibdir”.
Psixiatr onu da qeyd edib ki, uşaqlar sağlam beyin və bədən inkişafı üçün təhlükəsiz və müdafiəli mühitdə böyüməlidir:

“Amma bu, təkcə uşaqlar üçün deyil, həm də uğurlu cəmiyyətin qurulması üçün çox vacibdir. Bununla belə, uşaqların stressli mühitdə böyümələri həmişə beyində qalıcı zədələrə səbəb olmur. Uşaqların yaşadıqları stressi ələ almaq və onlara kömək etmək beyindəki mənfi təsirlərin qarşısını ala və ya azalda bilər. Məsələn, uşaqlarla danışmaq, onlara təsəlli vermək və fikirlərini ifadə etmələrinə şərait yaratmaq stressi azalda və onların beyinlərindəki mənfi təsirlərin qarşısını ala bilər”.

Teqlər: