Qorxu sindromuna tutulan Ermənistan: Böhran, xaos, başlıbaşınalıq… – TƏHLİL

Hər kəsə qeyri-bərabər paylanan ağıldan Erəmnistanın payına nədənsə çox kəm düşüb. Bu kəmlik artıq erməni genefonduna qədər işləyib. Belə olmasaydı, bu gün dünyada manqurt təfəkkürü ilə doğulan, yaşayan, idarə olunan, siyasət yürüdən tək dövlət olmazdı. Bu monoetnik dövlətin ən böyük zəifi isə qorxudur. Başında kimin durmasından asılı olmayaraq, həmişə qorxub.

Nədən, kimdən və niyə?

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan istefa verməyə məcbur edilməzdən əvvəl yazdığı məqalədə Ermənistanın Dağlıq Qarabağ münaqişəsində əvvəl-axır güzəştlərə getməli olduğunu demişdi. Məhz həmin məqalə Ter-Petrosyanın istefasına səbəb oldu. Çünki adam qan qoxan bu münaqişənin sonrakı taleyindən qorxurdu. Amma onu istefaya sürükləyəcək qədər güclü olan daxili təhlükəni gözə almamışdı, ala bilməmişdi.

Beləliklə, hakimiyyət səviyyəsində ən böyük qorxunun təməli də elə bu vaxtdan qoyuldu – nəyin bahasına olur-olsun, daxili kütləni ovutmaq, ictimaiyyətin qınağına, qıcığına tuş gəlməmək. Bundan sonra hakimiyyətə gələn istər Koçaryan, istər Sarkisyan, istərsə də Paşinyan bu qorxunun sindromundan qurtula bilmədilər. Və bütün manipulyasiyalarını da məhz Dağlıq Qarabağ münaqişəsi üzərindən etdilər. Yerevanda yel əsən kimi Qarabağda bir hoqqa çıxarmaq və ya qeyri-səmimi populist fikirlərlə kütləni sakitləşdirməyə və zənnlərincə güclü lider olduqlarını nümayiş etdirməyə çalışdılar. Bununla bağlı sabiq prezidentlər Koçaryan və Sarkisyanın timsalında onlarla fakt göstərmək olar. Hazırkı baş nazir, Soros fondunun min cür oyunbazlığı ilə hakimiyyəti zəbt edən Nikol Paşinyan da sələflərinin bu xəstəliyini dəf edə bilmədi. Əksinə, daha da irəli gedərək “Qarabağ Ermənistandır və nöqtə” deməklə Ermənistan siyasi tarixinin ən böyük səhvini buraxdı. Məhz bu ifadənin özü Paşinyanın qorxu sindromunun ən böyük təzahürü idi…

Ermənistanda hakimiyyət və xalq çalxalanır

Atalarımız yaxşı deyib – “qorxan gözə çöp düşər”. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ordusu məhz həmin “çöpü” Paşinyanın və ümumilikdə Ermənistanın göz bəbəyinə sapladı. Beləcə, onsuz da ermənidən başqa heç kimi görməyən gözlər kor oldu, dövlət olaraq Ermənistanın sütunları çökdü, dayaqları qırıldı, gələcək taleyi isə böyük bir sual altındadır.

Bütün bunlar isə təbii olaraq Ermənistan hakimiyyətini və xalqını çalxaladı. Nəticədə hazırda Ermənistan dərin bir xaosun içərisindədir. Hakimiyyət davası, daxili çəkişmələr, bir-birini həzm edə bilməmək və günahkar kimi ittiham etmək öfkəsi hazırda Ermənistanı vətəndaş müharibəsi durumuna gətirib…

Paşinyan: “Ermənistan bir dəfə də olsun uğur qazana bilməyib”

Baş nazir Nikol Paşinyan müharibədəki rüsvayedici məğlubiyyətdən sonra “44 günlük müharibənin kökləri” adlı məqalə yazmışdı. Ermənistan baş nazirinin rəsmi saytında yerləşdirilən bu məqalədə Ermənistan diplomatiyasının, hərbisinin məğlubiyyətinin səbəbləri, Ermənistanı hazırkı acınacaqlı vəziyyətə aparan yol barədə danışılır. Paşinyan mövcud vəziyyətin əsas səbəbkarlarının Koçaryan-Sarkisyan cütlüyü olduğunu bildirir. Paşinyan eyni zamanda uzun illər danışıqların imitasiya xatirinə aparıldığını da etiraf edir. O bildirir ki, atəşkəsin qüvvəyə mindiyi 1994-cü ilin mayından bu yana aparılan bütün danışıqlar prosesində Ermənistan bir dəfə də olsun uğur qazana bilməyib.

“Dövlətçiliyi ləkələdilər. Sizin inqilabın əsas şüarı “qürurlu vətəndaş” idi. Ermənistan tarixində bu qədər alçaldılmış vətəndaş olmayıb. Moskvada ermənilər restorana getməyə utanırlar ki, birdən azərbaycanlılarla rastlaşarlar. Bunu anlamırıqsa, alçaldılmış vəziyyətdə qalacağıq”. Bunları isə eks prezident Robert Koçaryan deyib.

Bir dolu çemodan ümid

Təbii ki, sabiq rəhbərlik – nimdaş Qarabağ klanı 2-ci Qarabağ müharibəsinin rüsvayçı məğlubiyyəti ilə barışa bilmir. Müxalifətdə olanlar da, həmçinin. Onlar 10 noyabr tarixli kapitulasiya aktını qəbul edə bilmirlər. Hətta müxalifət bu bəyanatın parlamentdə müzakirə olunmasına da çalışdı. Məsələ səsə qoyulsa da, buna nail ola bilmədilər. Bəyanatın müzakirəsinin lehinə 40, əleyhinə isə 73 deputat səs verdi və faktiki olaraq Ermənistan parlamenti bəyanatı müzakirə etməkdən imtina etdi. Yəni bütün şərtləri qəbul etmiş oldular və onları təsdiqlədiklərini növbəti dəfə bildirdilər.

Bu il yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən üçtərəfli görüşdə birgə imzalanan bəyanat isə Ermənistanın az daha qalan ümidlərini də puça çıxardı. Çünki bu bəyanat, əslində, tam olaraq 2020-ci il 10 noyabr tarixli kapitulyasiya aktında nəzərdə tutulan şərtlərin icrasını özündə ehtiva edirdi. Baxmayaraq ki, Paşinyan bu görüşə bir dolu çemodan ümidlə getmişdi…

Ermənistan bu vəziyyətdən çıxmaqda acizdir

Beləliklə, bu gün Ermənistanda yaranmış ağır böhran vəziyyəti bu işğalçı ölkənin uzun illər Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin acı nəticəsidir. Artıq heç kimə sirr deyil ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsi Ermənistanda dərin siyasi, sosial-iqtisadi böhrana, mənəvi-psixoloji sarsıntıya səbəb oldu.

Ermənistanın hazırkı prezidenti Armen Sarkisyan özü belə etiraf etdi ki, ölkə çox ağır vəziyyətdədir, əhalinin sosial durumu acınacaqlıdır. Prezident acizanə formada dedi ki, ölkəsi diz çöküb. Ermənistan bu vəziyyətdən çıxmaqda acizdir…

Odur ki, qonşuluq xatirinə Ermənistana daha bir ağıllı təklif: Öncə qorxu sindromundan xilas olun!

Elgün MƏNSİMOV
Trend

Teqlər: