“Qorxu filminin komediyası”. Ermənistan SSRİ-nin dağılmasından sonra 30 il necə yaşayıb? – “Arqumentı i faktı”

1991-ci ildən bu günə kimi Ermənistanı 1 milyona yaxın, bəzi ehtimallara görə isə hətta 1,5 milyon nəfər tərk edib. Bu isə Ermənistan əhalisinin 1/3-i deməkdir. Bu gün ermənilər özlərinin gələcəyini Ermənistanda görmürlər və ölkədə hazırda bu əhval-ruhiyyə üstünlük təşkil edir.

AzerTimes-ın məlumatına görə, bu barədə Rusiyanın “Arqumentı i faktı” (AiF) qəzetində Yerevan haqqında dərc olunan növbəti reportajda deyilir.

Jurnalist Georgi Zotovun ““Qorxu filminin komediyası”. Ermənistan SSRİ-nin dağılmasından sonra 30 il necə yaşayıb?” adlı reportajında Ermənistan əhalisinin ağır sosial-iqtisadi vəziyyətdə yaşadığını, müstəqillik illəri ərzində heç bir hökumətin insanların yaşayışının yaxşılaşması istiqamətində heç bir iş görmədiyi vurğanıb.

Müəllif qeyd edir ki, İT firmasının əməkdaşı Riçi Qriqoryan professional jurnalist olan həyat yoldaşı ilə Yerevandan Moskvaya köçməyə hazırlaşır: “Mən Ermənistanı çox sevirəm, amma burada nə özüm üçün, nə də uşaqlarım üçün gələcək görürəm. Hətta mənim yüksək məvacib alan tanışlarım da respublikanı tərk etməyə hazırlaşırlar. Hazırda ölkədə bu əhval-ruhiyyə üstünlük təşkil edir”.

Müəllif yazır: “Yenidənqurmadan sonra Ermənistan Sovet İttifaqından ayrılmağı həvəslə dəstəklədi, SSRİ-nin qorunub saxlanmasına dair referendumda iştirak etməkdən qəti şəkildə imtina etdi: 1991-ci il sentyabrın 21-də ermənilərin 99,51 faizi respublikanın müstəqilliyinə səs verdi. Bu 30 ildə nə baş verdi? Burada fərqli fikirlər var, baxmayaraq ki, bu fikirlər bir nöqtədə üst-üstə düşür: müstəqil həyat əvvəldən təsəvvür edildiyinin əksinə olaraq rahat olmadı.

Biznesmen Vladimir Mirzoyan deyir ki, Azərbaycanla müharibə zamanı Ermənistan Türkiyə tərəfindən blokadaya alınıb, elektrik stansiyaları mazut və qazsız qalıb, ərzaq təchizatı kəsilib, benzin yoxa çıxıb: “1992-ci ilin noyabrından bəri evlərə elektrik enerjisi gündə 1 saat verilirdi. Şamlar dəhşətli dərəcədə bahalaşdı, ermənilər bazarlarda qədim kerosin lampaları almaq məcburiyyətində qalmışdı. Mənzilə elektrik yalnız kimsə öləndə verilirdi. Həmin dövrdə məşhur olan erməni zarafatı vardı: “İşığı yandırmaq istəyirik, ölünüzü bir günlük borc verməzsiniz?” Belə təəssürat vardı ki, ermənilər qorxu filmindədirlər, lakin biz ora bir az komediya əlavə etmişdik”.

Ermənistanda rus dilinin tədrisi səviyyəsindən danışan müəllif qeyd edir ki, 1993-cü ildə millətçi eks-prezident Levon Ter-Petrosyanın əmri ilə rus məktəbləri bağlanıb, təhsil ancaq erməni dilində aparılıb. İndi vəziyyət dəyişib. Orta məktəblərin 2-ci sinfindən başlayaraq uşaqlara rus dili tədris olunur.

Rusiyalı jurnalist məqaləsində Ermənistanda faşist Qaregin Njdenin qəhrəmanlaşdırılması barədə də yazıb: “Milliyyətçilər əvvəlcə 9 May – Qələbə gününün qeyd edilməsini də ləğv etmişdilər. İrəvanda mənim üçün çox xoşagəlməz bir yer var – Qaregin Njdenin bürünc abidəsi. Aidə “rusiyapərəst” prezident Serj Sarkisyanın hakimiyyəti dövründə 2016-cı ildə ucaldılıb. Njde Hitlerə sədaqətlə xidmət edib, Vermaxtın erməni legionunu yaradıb. Sovet hərbi əsirlərini nasist Almaniyası tərəfində döyüşmək üçün təşviq edib. 1944-cü ildə Qızıl Ordu tərəfindən Bolqarıstanda həbs edilib və 1955-ci ildə məşhur “Vladimirski sentral” həbsxanasında ölüb. Njdenin abidəsinə çiçək gətirən 69 yaşlı Aşot Baqdasaryan “O Ermənistana pərəstiş edirdi” deyə abidənin qoyulmasına haqq qazandırmağa çalışır. Ona “Hitlerə pərəstiş etdiyini düşünürəm. Bilirsiniz, ataman Krasnov və general Vlasov da Rusiyaya qarşı nəcib hisslər bəsləyirdilər. Lakin milyonların qatili ilə qucaqlaşdıqdan sonra bunun heç bir əhəmiyyəti yoxdur”- deyə onun sözünü kəsirəm”.

G.Zotov yazır ki, Ermənistanın Sovetlər İttifaqının tərkibindən çıxmaq üçün bu qədər həvəsli olduğuna 30 il sonra ümumiyyətlə inanmaq olmur.

Teqlər: