Son günlər Rusiyada dolların məzənnəsi artmağa başlayıb. Sonuncu statistikaya görə, Rusiya Mərkəzi Bankı dolların məzənnəsini 102,58 rubl qeyd edib. Rusiyada rublun zəifləməsinin Azərbaycana necə təsir edəcəyi maraq doğurur.
AzerTimes-ın məlumatına görə, Globalinfo.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyib ki, Azərbaycan manatda məhsul istehsal edir, fermerlər də buna uyğun qiymət təyin edir:
“Rubl dollara görə ucuzlaşanda paralel olaraq manata görə də ucuzlaşmış olur. Məsələn, əvvəl məhsul 5 manata qoyulanda təxminən 400 rubl olurdusa, indi eyni qiymətə qoyulduqda 600 rubl olacaq. Ona görə də sözügedən proses Azərbaycandan gedən kənd təsərrüfatı məhsullarının qiymətinə mənfi təsir edəcək. Bu o deməkdir ki, Azərbaycandan eyni qiymətə satılan məhsul rus alıcısı üçün bahalaşmış olacaq. Bu halda alıcılar istənilən həcmdə məhsul ala bilməyəcək. Nəticədə satıcı qiyməti manatda və rublda endirməli olacaq. Rublun ucuzlaşması məhsul ixrac edən sahibkarlar üçün çətinlik yaradır”.
İqtisadçının sözlərinə görə, Rusiyadan vəsait göndərən azərbaycanlılar üçün də rublun ucuzlaşması müsbət hal deyil:
“Onların maaşı rublladır. Öz xərclərini çıxıb, göndərəcəkləri vəsaiti manata çevirəndə daha ucuz qiymətlə hesablandığı üçün nəticədə az pul əldə edilmiş olur”.