Qonşu ölkələrdə koronavirusla bağlı vəziyyət nə yerdədir?

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Azərbaycan da daxil olmaqla bütün dünya hazırda koronavirus pandemiyası ilə mübarizə aparmaqdadır. Bir neçə ölkə virusa qarşı peyvənd hazırlayıb və tətbiqinə də start verilib.

Azərbaycada da yanvar ayının 18-dən etibarən peyvəndləməyə başlanılıb və hazırda 40 yaşdan yuxarı şəxslərin vaksinasiyası aparılır.

AzerTimes-ın məlumatına görə, görülən tədbirlərə baxmayaraq, son günlər ölkədə koronavirusa yolxumada artım müşahidə olunur.

Qonşu ölkələrə gəldikdə isə, statistik məlumatlara görə, qonşu ölkələr arasında ən çox yoluxma Rusiyadadır.

Rusiyada son sutka ərzində daha 8711 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. Ölkədə COVID-19-a yoluxanların sayı 4 528 543 nəfərə çatıb.

Son sutka ərzində 293 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 98 033 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdədir.

İranda isə ötən sutka әrzindә daha 89 nәfәr koronavirusdan (COVID-19) ölüb. Belәliklә, İranda bu virusdan ölәnlәrin sayı 62 397 nәfәrә çatıb. Ötәn 24 saat әrzindә daha 8 751 nәfәr koronavirusa yoluxub.

Bununla da İranda bu virusa yoluxanların sayı 1 855 674 nәfәrә yüksәlib. Onlardan 3 928 nәfәrin vәziyyәti ağırdır. İndiyәdәk 1 593 219 nәfәr koronavirusdan sağalıb. Ölkədə 12,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Türkiyədə son 24 saat ərzində daha 151 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib. Bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər. Koronavirusdan ölənlərin ümumi sayı 30 923 nəfərə çatıb. 30 021 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 3 179 115 nəfərə çatıb. Türkiyədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 18 892 nəfər olmaqla 2 939 929 nəfər təşkil edir.

Gürcüstanda ötən sutka ərzində 25 934 test keçirilib, koronavirusa 365 yoluxma halı qeydə alınıb. Ölkədə koronavirusa yoluxanların ümumi sayı 280 301 nəfərə çatıb. Ötən sutka koronavirusdan 5 nəfər ölüb, 415 nəfər isə sağalıb. Hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 3 751 nəfər, sağalanların sayı isə 272 219 nəfər təşkil edir.

Ermənistanda isə son sutkada daha 424 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 190 741-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 12 nəfər artaraq 3 476-ya yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 882 nəfərdir. İndiyədək 172 096 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 14 287 aktiv koronavirus xəstəsi var.

Qeyd edək ki, dünyada koronavirus pandemiyası başlayandan bəri 2 769 473 nəfər virusla əlaqəli xəstəliklərdən ölüb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Dünyanın 191 ölkəsində və bölgəsində yoluxanların sayı 126 359 540 nəfərə çatıb.

Teqlər: