Qondarma “erməni soyqırımı” məsələsinin siyasiləşdirilərək gündəmə gətirilməsi cəhdləri qəbuledilməzdir – XİN

ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə
səsləndirdiyi bəyanatında növbəti dəfə 1915-ci il hadisələri ilə
bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin ABŞ Prezidentinin
erməni anım günü münasibətilə etdiyi çıxışına dair şərhində
deyilir.

“Bir əsr bundan öncə baş verən hadisələrin yanlış şəkildə təqdim
edilməsi və qondarma “erməni soyqırımı” məsələsinin
siyasiləşdirilərək gündəmə gətirilməsi cəhdləri
qəbuledilməzdir.

ABŞ Prezidentinin bu bəyanatı, həmçinin hazırda Türkiyə və
Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə aparılan
danışıqlara uyğun gəlmir.

1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən
araşdırılmalıdır. Tarixin saxtalaşdırılması cəhdləri və onun siyasi
təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir”, deyə XİN-dən
bildirilib.

Teqlər: