Qohumuna qarşı 23 min manatlıq dələduzluq edən qadının işi məhkəməyə göndərildi

Xəbər - Samir Əli – Trend:

Füzuli rayon sakini Maral Xəlilovanın öz qohumunun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməsi faktı ilə bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Füzuli rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, istintaqla müəyyən edilmişdir ki, Maral Xəlilova xalası qızı Xumar Əbdüləzimovanın etibarından sui-istifadə edərək sonuncunun oğlu Qorxmaz İdriszadə barəsində Füzuli rayon polis şöbəsinin İstintaq bölməsində istintaq edilən cinayət işinin Cinayət Məcəlləsinin daha yüngül məsuliyyət nəzərdə tutan maddəsinə tövsif edilməsində köməklik edəcəyi adı ilə ondan ümumilikdə 23 min manat məbləğində pul alıb.

Maral Xəlilovaya Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) və 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmuş və barəsində həbs qətimkan tədbiri seçilib.


Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Teqlər: