Yevlax Şəhər İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsinə köçürülüb.
AzerTimes xəbər verir ki, bu barədə Report-a onun vəkili Elnur Vəliyev məlumat verib.
O bildirib ki, keçmiş icra başçısının hazırda səhhəti yaxşı deyil və müalicəsini müalicə müəssisəsində davam etdirir.
Qeyd edək ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib. Daha sonra Q.Səmədov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.