Yevlax Şəhər İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədov dördüncü dəfə ürək və boyun damarlarından əməliyyat olunub.
AzerTimes xəbər verir ki, bu barədə Report-a onun vəkili Elnur Vəliyev deyib.
Onun sözlərinə görə, Mərkəzi Gömrük Hospitalında əməliyyat edilən keçmiş icra başçısının hazırda vəziyyəti yaxşı deyil:
“Qoca Səmədovun ürəyinə stend qoyulub və ürək damarlarından əməliyyat edilib”.
Xatırladaq ki, Q.Səmədov daha əvvəl ürəyindən üç dəfə əməliyyat olunmuşdu.
Qeyd edək ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib.