“Qoca qartalın əbədi uçuşu” təqdim edildi

“Qoca qartalın əbədi uçuşu” təqdim edildi

Tovuz rayonundakı Nizami adına Mədəniyyət Evində ustad Aşıq Mikayıl Azaflıya həsr edilən “Qoca qartalın əbədi uçuşu” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

AzerTimes xəbər verir ki, film Azərbaycan Televiziyası Telefilm Yaradıcılıq Birliyinin istehsalıdır. Təqdimat mərasimi Milli Məclisin Mədəniyyət Komitəsinin dəstəyi ilə baş tutub.

Quruluşçu rejissoru Elnurə Kazımova, ssenari müəllifi Məti Osmanoğlu və quruluşçu operatoru Elxan Rüstəmov olan filmin çəkilişləri, əsasən Tovuz rayonunun kəndlərində, Əsrik çayının sahillərində, Mikayıl Azaflının qaçaq yaşadığı Şişqaya dağında, ustadın doğulduğu Azaflıda, eləcə də Bayramlı, Cirdək, Qaralar, Əlimərdanlı və digər kəndlərdə aparılıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təqdimatın əvvəlində çıxış edərək respublikamızda aşıq sənətinə, ümumən mədəniyyətə göstərilən yüksək dövlət qayğısından, o cümlədən Heydər Əliyev Fondunun bu milli sənətin inkişafına verdiyi töhvələrdən söz açıb. Q.Paşayeva yüksək diqqət-qayğıdan ruhlanan yaradıcı aydınların, vətəndaş cəmiyyəti institutlarının da bir sıra yaddaqalan layihələrlə, nəşrlərlə çıxış etdiyinə vurğu edib.

“Ustad aşıq Mikayıl Azaflının həyat və yaradıcılığı yalnız Azərbaycanda deyil, bütün türk dünyasında, o cümlədən Qafqazda, İran və İraqda geniş yayılmış, dillər əzbəri olmuşdur.

Türk dünyasının ustad ozanı Mikayıl Azaflını hələ kiçik yaşlarından yaxından tanımaq xoşbəxtliyi nəsibim olub. Ustadın söhbətlərini, onun ifasında gözəl əsərləri dinləməkdən hər zaman böyük qürur duymuşuq. Elə bilirəm, böyük ustadı tanıyan hər kəsin onunla bağlı zəngin xatirələri vardır.

Ustad Mikayıl Azaflı hər vaxt Azərbaycan sevdalı, azadlıq aşiqi, doğma xalqının səsi olan bir sənətkar olub. Ruhu şad olsun! Elə bilirəm, bu sənədli film də, bu təqdimat mərasimi də ustadın ruhunu şad edən hadisələrdəndir. Filmin yaradıcı heyətinə, ümumən bu işdə zəhməti keçən hər kəsə könül dolusu təşəkkür edir, yeni uğurlar diləyirəm!”

Filmin rejissoru Elnurə Kazımova, Azaflı ocağının övladları – Aşıq Hakim, ustadın nəvəsi Roman Azaflı, mərasimdə iştirak edən xalq rəssamları Arif Hüseynov və Siruz Mirzəzadə, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, Tovuz rayon Gənclər-İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Gənclər Evinin rəhbərı Rauf Rüstəmov, YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov, “UMAY – Türk dünyası qadınlarına dəstək” İB sədri Vəsilə Abulova çıxış edib, ürək sözlərini bölüşüblər.

Teqlər: