QMİ sədri Türkiyənin yeni səfiri ilə görüşüb (FOTO)

Xəbər - Elçin Mehdiyev – Trend:

Mayın 18-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Cahit Bağçını qəbul edib.

QMİ-dən AzerTimes-a verilən məlumata görə, səfiri səmimi salamlayan QMİ sədri A.Paşazadə Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin yüksək səviyyəsini, dövlətlərimizin, xalqlarımızın mənafelərinə uyğun inkişafını məmnuniyyətlə qeyd edib.

O, ölkəmizə yeni təyin olunmuş Türkiyə səfirinin bu əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə, mövcud körpülərin daha da möhkəmləndirilməsi üçün səy göstərəcəyinə ümidvar olduğunu bildirdi və cənab səfirə fəaliyyətinə xeyir-dualar dilədi.

C.Bağçı qəbula görə minnətdarlıq edib, qardaş Azərbaycan dövlətində səfir kimi fəaliyyətə başlamasından dərin məmnunluğunu dilə gətirərək, bu günədək mötəbər beynəlxalq tədbirlərdən tanıdığı nüfuzlu dini lider olan Şeyxülislam Allahşükür Paşazadə ilə şəxsən görüşünə böyük dəyər verdiyini xüsusi vurğulayıb.

O, Türkiyə dövlətinin hər zamankı kimi bundan sonra da qardaş Azərbaycanla bütün müstəvilərdə və platformalarda bir yerdə olacağına əminliyini ifadə edib. Zəfərdən sonra Türkiyənin Azərbaycan dövləti ilə koordinasiyada Qarabağda gedən bərpa-quruculuq işlərində iştirak niyyəti barədə danışan səfir dağıdılmış dini-mənəvi abidələri də ehtiva edəcəyini xüsusu vurğulayıb.

Twitter: @ElchinMehdiyev

Teqlər: