QMİ Ramazan ayının başlaması ilə bağlı fətva verib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan
ayının başlaması ilə əlaqədar fətva verib.

Trend xəbər verir ki, fətvada bildirilib ki, Qafqaz Müsəlmanları
İdarəsinin Qazılar Şurası mübarək Ramazan və orucluq ayının
başlanması münasibəti ilə dünya və ölkə müsəlmanlarına təbriklərini
ünvanlayır, bu müqəddəs ayda vacib ibadətlərimizin Allah dərgahında
qəbula yetməsi üçün dualar edir:

“Qazılar Şurası bu ilki Ramazan Fətvasını dindarlarımızın
nəzər-diqqətinə təqdim edir və bildirir ki, Qafqaz Müsəlmanları
İdarəsinin müvafiq sorğusuna əsasən Azərbaycan Milli Elmlər
Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına görə,
bu il üfüqümüzdə hilalın (təzə Ayın) aprelin 1-i görünməsi Ramazan
ayının 1-i miladi təqvimlə 2 aprel 2022-ci il tarixinə təsadüf
edəcək.

Artıq ikinci ildir ki, Ramazan ayına qalib xalq, Vətən və
şəhadət eşqi sayəsində 30 illik işğala son qoymuş millət kimi qədəm
qoyuruq. Qarabağa zəfər yürüşünün əzmlə sona çatması Rəhman və
Rəhim Allahın lütfü və tarixi ədalətin bərpası oldu. Biz dindarlar
Qarabağ zəfərini ərəfəsində olduğumuz Ramazani-şərifin
fəzilətlərindən olan ədalətin zülm üzərində qələbəsi kimi
dəyərləndirərək qazilərimizin qəhrəmanlıqlarını təqdir edir, amalı
Peyğəmbər (s) və Əhli-Beyt (ə) sevgisi olan şəhidlərimizə Uca
Yaradandan rəhmət diləyir, bizə bu səadəti yaşatdığına görə
ordu-dövlət-xalq birliyinə güvənən müzəffər sərkərdə və Ali Baş
Komandan İlham Əliyevə sonsuz dualar edirik. On bir ayın sultanı
olan Ramazani-şərif duaların qəbul olunduğu aylardandır. Mübarək
ayın verdiyi bu fürsətdən istifadə edərək əzəli torpaqlarımıza
Böyük Qayıdışın təmin olunması, viran qoyulmuş ərazilərimizə yeni
nəfəs verilməsi, Qarabağda müasir həyat şəraitinin qurulması,
vandalizmə məruz qalmış dini məbədlərin, məscidlərin bərpa edilməsi
istiqamətində fövqəladə zəhmətlərinə görə dövlət başçımız,
Zati-aliləri, cənab Prezident İlham Əliyevə, eləcə də ölkəmizin
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Azərbaycan
dindarları adından dərin minnətdarlığımızı bildirir, bu mübarək
günlərdə onlara ən böyük İlahi nemət olan cansağlığı diləyirik.
Mənəviyyat və əxlaqın zənginləşməsinə vəsilə olan oruc ibadəti
insanın daxili saflığına, pis vərdişlərdən uzaq durmasına, Allah
yolunda xeyirxah işlər görməsinə, fiziki və mənəvi cəhətdən sağlam
olmasına səbəb olur. Dövlətimiz tərəfindən verilən son qərara
əsasən pandemiya sonrası dönəmdə dini tədbirlərin keçirilməsinə
icazə verildiyi üçün təşəkkür edir, müvafiq qurumlara
minnətdarlığımızı bildiririk.
Orucluq ibadəti yardımlaşmanı artıran, daxili dəyanəti gücləndirən
İlahi qüvvəyə malikdir. Mərhəmət və şəfqət ayı olan müqəddəs
Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik
etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl
və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində
bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına
qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və
ibadətlə məşğul olmaq bu ayda ən böyük savabdır. Tövsiyə edirik ki,
bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda
edən qəhrəman şəhidlərin xatirəsi yad edilsin, ruhlarına dualar
oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin.
Qazılar Şurası din xadimlərimizin və yerlərdəki imamlarımızın
nəzərinə çatdırır ki, Ramazanın vacibatları, qayda və qadağaları,
müstəhəb əməlləri barədə dindarlara ətraflı şəkildə məlumatlar və
şərhlər verilməlidir”.

Fətvada qeyd edilib ki, hər il olduğu kimi, bu il də Qafqaz
Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları,
imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib:

“Bu təqvim İdarəmizin internet saytında (www.qafqazislam.com)
yerləşdirilib. Biz xalqımıza təqvimin internet versiyasından
istifadəni tövsiyə edirik. Digər mənbələrdən daxil olmuş, təfriqə
xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək
təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi
qeyri-məqbuldur. Bütün kütləvi informasiya vasitələrindən məhz
QMİ-nin təqviminə istinad etmələri xahiş olunur.
Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı
Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə,
adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür.
Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir
üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan
ailələrə verməsi vacibdir”.

Fətvada deyilib ki, Eydül-Fitr – Ramazan bayramının Şəvval
ayının 1-i – Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may
ayının 2-nə təsadüf etməsi gözlənilir.

Teqlər: