Xəbər - Humay Ağacanova – Trend
Qlobal istiləşmə barəsində müəyyən qanun və standartların üzərində işləməliyik.
AzerTimes-ın məlumatına görə, bunu “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumda “İqlim dəyişikliyinə qarşı mübarizə və qlobal enerji ehtiyaclarını qarşılamaq: hər ikisini necə edə bilərik?” mövzusunda paneldə çıxış edən Moldovanın keçmiş baş naziri Kirill Qaburiç deyib.
O qeyd edib ki, son illər ekoloji problemlərin həlli ilə bağlı müəyyən irəliləyiş müşahidə edilir, lakin hələ də vəziyyət qənaətbəxş deyil:
“Qlobal istiləşmə barəsində müəyyən qanun və standartların üzərində işləməliyik. Bu mövzuda bəşəriyyət ötən zaman kəsiyində xeyli nailiyyət əldə edib. Lakin iqlim dəyişikliyi mövzusunda çox eqoist davranırıq. Öz rahatlığımıza görə ekologiyanı çirkləndiririk. Qısa müddətli hədəflərə can atırıq, ancaq fəsadları düşünmürük”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.