Qlobal iqtisadi çağırışlar: Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sosial-iqtisadi inkişafın əsas istiqamətləri (FOTO)

Mayın 6-da Bakı Biznes Universitetinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Qlobal iqtisadi çağırışlar: Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sosial-iqtisadi inkişafın əsas istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirildi.

AzerTimes xəbər verir ki, konfransın plenar iclasında AMEA-nın həqiqi üzvü, akademik Ziyad Səmədzadə, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., prof. Nazim Müzəffərli, AMEA-nın müxbir üzvü, Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, i.e.d., prof. Akif Musayev, Auditorlar Palatasının sədri, i.e.d., prof. Vahid Novruzov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Elmi işlər üzrə rəis müavini, i.e.d., prof. Cəmilə Namazova, Əməkdar kənd təsərrüfatı işçisi, i.e.d., prof. İslam İbrahimov, Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru, i.e.d. Aygün Quliyeva və respublikanın digər tanınmış iqtisadçı alimləri ilə yanaşı, Rumıniya Təhsil Nazirliyinin, Ukrayna Milli Elmlər Akademiyasının nümayəndələri, Moldovanın Avropa Universitetinin, Ukraynanın Çernihov Milli Politexnik Universitetinin, Zaporojya Milli Universitetinin, Ümumrusiya Dövlət Ədliyyə Universitetinin Şimali-Qafqaz İnstitutunun professor-müəllim heyəti iştirak etdilər.

Konfransı giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru, i.e.d., prof. İbad Abbasov iştirakçıları salamladıqdan sonra bildirdi ki, tədbirin mövzusu dünyada narahatlıq yaradan münaqişələr və bu münaqişələrin həllindən sonrakı postkonflikt dövründə həmin ərazilərin bərpası, sosial-iqtisadi inkişaf ilə bağlı olan problemlərə həsr edilib: “30 ildən artıq dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabaq münaqişəsi davam etsə də, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin polad iradəsi, cəsur əsgərlərimizin rəşadəti, peşəkar zabitlərimizin müasir-hərbi texnologiyalardan istifadə etmək bacarığı və xalqımızın «dəmir yumruq» kimi birliyi nəticəsində 44 gündə münaqişə öz ədalətli həllini tapdı. Hazırda yeni bir dövr başlayır. Bu dövr işğaldan azad edilmiş ərazilərin bərpası, sosial-iqtisadi inkişaf problemlərinin müəyyən edilməsi və onların həlli yollarının araşdırmasından ibarətdir”.

Akademik Ziyad Səmədzadə çıxışında işğaldan azad olunan ərazilərin iqtisadi potensialından istifadə edilməsindən bəhs edərək mövcud reallıqları və perspektivləri diqqətə çatdırdı.

İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli «Qarabağın gələcək iqtisadiyyatının konturları» mövzusunda çıxış edərək isğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın inkişaf perspektivlərindən, sosial-iqtisadi inkişafın təmin olunması üçün zəruri olan iqtisadi proseslərdən, mövcud problemlərin həlli üçün optimal imkanlardan bəhs etdi.

Daha sonra professor Akif Musayev postkonflikt dövründə Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərində quruculuq işlərindən, müəyyən edilmiş layihələrdən, icra olunmuş işlər və növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərin reallaşdırılmasına dair fəaliyyətdən bəhs etdi, həmçinin Qarabağın işğaldan azad olunmuş ərazilərində elmi-tədqiqat işlərinin bərpa edilməsi ilə bağlı təkliflərini və tövsiyələrini irəli sürdü.

Plenar iclasda iştirak edən xarici qonaqlar da mövzuya dair məruzələrində postkonflikt tənzimlənmənin effektiv vasitəsi kimi sosial sahibkarlıq, investisiya qoyuluşları və iqtisadiyyatın rəqəmsallaşması kimi aktual məsələlərə toxundular.

Məruzələrdən sonra konfrans mövzu ətrafında müzakirələrlə işini davam etdi.

Teqlər: