Xəbər - Sədrəddin Ağcayev – Trend:
İndiki Qlobal Bakı Forumu, xüsusilə, o baxımdan vacibdir ki, koronavirus pandemiyası fonunda analoji tədbirlər ya təxirə salınıb, ya da tamamilə ləğv edilib.
Trend-in məlumatına görə, bunu VIII Qlobal Bakı Forumu çərçivəsində “Yeni dünya iqtisadiyyatı” mövzusuna panel müzakirələri zamanı Rumıniyanın sabiq baş naziri Petre Roman deyib.
O bildirib ki, forumda pandemiya ilə bağlı məhdudiyyətlərin tətbiq olunmasına baxmayaraq, qonaqlar üz-üzə görüşə və aktual məsələləri müzakirə edə bilərlər: “Bu, çox vacib məqamdır. Heç kim pandemiya ilə təkbaşına mübarizə apara bilməz. Bu baxımdan, ən uyğun vasitə fikir mübadiləsi, məsələlərin canlı müzakirəsidir ki, bu da forum sayəsində mümkün olub”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.
(Tərcümə: Orxan Nəbiyev)