Xəbər - Elçin Mehdiyev – Trend:
4-6 noyabr tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu keçirilib.
AzerTimes-ın məlumatına görə, sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak ediblər.
Noyabrın 7-də VIII Bakı Qlobal Forumu çərçivəsində Şuşada “Mədəni irsin qorunması” mövzusunda panel iclası keçirilib.
Milli Məclisin deputatı Cavid Osmanov AzerTimes-a bildirib ki, forumda COVID-19-dan sonra yeni dünya nizamı, yeni dünya iqtisadiyyatı, əhalinin vaksinasiyası, eyni zamanda Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq üçün perspektivlər və digər mövzular müzakirə olunub:
“Nəzərə almaq lazımdır ki, COVID-19-la mübarizədə Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə beynəlxalq təşkilatlar səviyyəsində görüş keçirilib. İlk növbədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, daha sonra Qoşulmama Hərəkatı cənab Prezidentin COVID-19 pandemiyası ilə mübarizə üçün görüş təklifini yekdilliklə qəbul edib. Bakıda keçirilən bu dəfəki forum da koronavirusla mübarizə mövzusuna həsr olunub, eyni zamanda Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq üçün perspektivlər müzakirə edilib. Bu həm də Azərbaycanın dünyada qlobal təhdidlərə qarşı rolunu əks etdirir. Ümumilikdə bu platforma ötən ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən müharibə nəticəsində azad edilmiş ərazilərdə və bütövlükdə regionda əməkdaşlıq axtarışı və Azərbaycanın haqq səsinin bütün dünyaya bir daha çatdırılması baxımdan önəmli tədbir oldu”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə AzerTimes-a bildirib ki, artıq Azərbaycan qlobal problemlərin müzakirə olunduğu, həlli yollarının axtarıldığı məkana çevrilib:
“Bu baxımdan bu forum xüsusi əhəmiyyətə malikdir. Dünya miqyaslı ictimai-siyasi xadimlərinin iştirakı və çıxışı tədbirin əhəmiyyətini bir daha göstərir. Prezident İlham Əliyev də çıxışında bir çox mühüm və vacib məsələlərə toxundu. Bu gün dünya siyasətində Azərbaycanın özünəməxsus yeri var. Qarabağ zəfəri Azərbaycanın dünyada yerini və mövqeyini daha da gücləndirib. Qarşıda bizi mühüm vəzifələr gözləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün strateji hədəflərə nail olacaq”.
Deputat Elşən Musayev də AzerTimes-a açıqlamasında forumun əhəmiyyətindən danışıb. O qeyd edib ki, Qlobal Bakı Forumu həqiqətən də bu gün qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından olduqca aparıcı platformalardan birinə çevrilib:
“Forumda iştirak edən dövlətlərin, nümayəndələrin mötəbərliyi və miqyası da bunu deməyə əsas verir. Mözvuların predmeti o qədər zəngindir ki, iştirakçıların hər biri onların daha təfərrüatlı öyrənilməsində və müzakirəsində yetərincə maraqlıdır. Cənab Prezident İlham Əliyev də Forumun açılışı zamanı söylədiyi nitqində çox maraqlı məqam və mətləblərə toxundu. Dövlət başçısı Azərbaycan həqiqətlərindən, Qarabağla bağlı haqlı mövqeyimizdən, 2-ci Qarabağ savaşındakı qələbəmizdən, BMT-nin uzun illər havada qalan qətnamələrini məhz özümüzün icra etməsindən, Cənub Qaz Dəhlizinin tikintisinin strateji əhəmiyyətindən, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın humanitar fəaliyyətindən, pandemiya ilə mübarizə istiqamətində görülmüş işlər və bu kontekstdə Azərbaycanın ümumbəşəri töhfələrindən danışdı.
Bu forum həm də dövlətimizə təşkilatçı kimi göstərilən etimadın təzahürüdür. Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi etməklə dünya siyasətindəki əhəmiyyətli rolunu bir daha təsdiq edir”.