Qlobal Bakı Forumu çərçivəsində Nizami Gəncəviyə dair xarici dildə nəşr edilmiş 2 kitabın təqdimat mərasimi keçirilib

Xəbər - Elçin Mehdiyev – Trend:

“COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumu çərçivəsində Nizami Gəncəviyə dair xarici dildə nəşr edilmiş 2 kitabın təqdimat mərasimi keçirilib.

AzerTimes-ın məlumatına görə, “Nizami Gəncəvi: Şair və Müdrik” kitabının müəllifi Dünya Bankının keçmiş vitse-prezidenti İsmail Serageldin, “Nizami Gəncəvinin Yeddi Gözəl və Ədəbiyyat barədə digər Esselər” kitabının müəllifi isə Latvianın keçmiş prezidenti Vayra Vike-Freyberqadır.

Təqdimat mərasimində V.Vike-Freyberqa bildirib ki, Nizami gəncəvi dahi şair olub, onun çox dəyərli irsi var:

“Qərara aldım ki, onun bu irsini araşdırım və dünya üçün faydalı bir iş ərsəyə gətirim. Nizami Gəncəvinin Yeddi Gözəl poeması çox ibrətamiz bir poemadır və hər birinizi bununla tanış olmağa dəvət edirəm”.

İsmail Serageldin isə bildirib ki, Nizami Gəncəvinin böyük irsi var və onun poemalarının hazırki cəmyyətinimiz üçün çox böyük dəyərləri var:

“O öz dəyərləri ilə yaşayıb və heç zaman ətrafdakıların təsirinə düşməyib. Ümid edirəm ki, bu kitab Nizami Gəncəvi haqqında bilmək istəyənlər üçün çox faydalı bir təqdimat olacaq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçiriləcək.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirakı nəzərdə tutulur. Hibrid formatda təşkil ediləcək tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn qaydada qoşulacağı gözlənilir.

Teqlər: