Qızımın qatilinə ağır cəza istəyirəm – Məftillə boğub öldürülən qadının atası

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vilayət
Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində
hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə bildirilib ki,
şahidlər məhkəməyə məktub göndərib və prosesdə iştirak edə
bilməyəcəklərini deyiblər.

Təqsirləndirilən şəxs bildirib ki, 14 il ərzində ailəsi ilə
aralarında heç bir problem olmayıb.

“Əziyyətlə ailəmi dolandırmışam. Heç vaxt ailəmi başqasına
möhtac olmağa qoymamışam. Nə ailəmlə, nə də qayınatamın ailəsi ilə
heç vaxt problemim olmayıb. İşdi, gəlib başıma” – deyə
təqsirləndirilən şəxs bildirib.

Zərərçəkmiş, mərhum Aliyə Məmmədovanın atası bildirib ki, o
şikayətçidir və təqsirləndirilən şəxsə ağır cəza verilməsini
istəyib:

“Qoy desin, qızımı niyə öldürüb? Aydınlıq gətirsin. Mən
şikayətçiyəm və qızımın qatilinə ağır cəza istəyirəm”.

Proses martın 30-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabrında paytaxtın Qaradağ
rayonu Sahil qəsəbəsində qeydə alınıb. Belə ki, 1990-cı il
təvəllüdlü Aliyə Məmmədova yaşadığı evdə əri, 1985-ci il
təvəllüdlü V.Məmmədov tərəfindən öldürülüb.

Hadisəyə cütlüyün şəxsi münasibətlər zəminində aralarında
yaranmış mübahisə səbəb olub. Belə ki, V.Məmmədov A.Məmmədovanı
dəmir məftillə boğaraq qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam
öldürmə) maddəsi ilə cinayət işi başlanıb. V.Məmmədov şübhəli
şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Teqlər: