Qızılca peyvəndi olunanların sayı açıqlandı – Rəsmi

Qızılca peyvəndi olunanların sayı açıqlandı – Rəsmi

Azərbaycanda 17 minə yaxın şəxs qızılca peyvəndi vurdurub.

AzerTimes xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, ötən ilin sonundan etibarən ölkə ərazisində 11-40 yaşlı əhali qruplarının qızılca xəstəliyindən müdafiə məqsədilə peyvəndlənmə işləri həyata keçirilir:

“Əhalinin sağlamlığının qorunması və yoluxmaların, həmçinin xəstəliyin ağırlaşmalarının və ölüm hallarının qarşısının alınması məqsədilə əks-epidemik, profilaktik tədbirlər çərçivəsində 10 yaşadək uşaqların Milli Peyvənd Proqramına əsasən peyvəndlənməsi ilə yanaşı, 11-40 yaşlı əhali arasında da peyvəndlənmə tədbirləri aparılır. Ümumilikdə isə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində 16.699 nəfər QPM (qızılca, parotit, məxmərək) və QM (qızılca, məxmərək) peyvəndi olub”.

Xatırladaq ki, vaxtında qızılcaya qarşı peyvəndlənmədən kənarda qalan, heç vaxt bu xəstəliyi keçirməyən 11-40 yaşlı əhali arasında peyvəndlənmənin aparılması üçün Səhiyyə Nazirliyi tərəfindən ölkəyə idxal edilən vaksin preparatlarının tətbiqinə ötən ilin 27 dekabr tarixindən başlanılıb.

Qeyd edək ki, epidemioloji vəziyyətin təhlili xəstəlikdən ağırlaşma hallarının, əsasən, qızılcaya qarşı vaksinasiya olunmayan şəxslərdə müşahidə olunduğunu göstərir.

Teqlər: